Dieqo Maradona bir daha məşqçi kimi çalışmağı və ümumiyyətlə, futbolla əlaqəli fəaliyyətlə məşğul olmağı planlaşdırmır. Lent.az-ın “El Mundo”ya istinadən verdiyi məlumata görə, 52 yaşlı argentinalı futbolda baş verənlərə nifrət etdiyini bildirib.
O, yenidən palçığa batmaq istəmədiyini açıqlayıb. Argentinanın “River Pleyt” klubunun Matias Almeydanı baş məşqçi postundan kənarlaşdıraraq, yerinə Ramon Diası təyin etməsi Maradonanın narazılığına səbəb olub. Ötənlərin məşhur hücumçusu bildirib ki, “River Pleyt” Almeydaya hörmətsizlik edib.
Qeyd edək ki, dünyanın ən yaxşı oyunçularından sayılan Dieqo Maradona 2008 – 2010-cu illərdə Argentina yığmasının baş məşqçisi olub. Milli komanda 2010-cu il dünya çempionatında ¼ finaladək irəliləyib. Bundan sonra Maradona Argentina Futbol Federasiyası ilə yeni müqavilə məsələsində razılığa gələ bilməyib. 2011-ci ildə o, BƏƏ-nin “Əl-Vasl” komandasının sükanı arxasına keçib və 2012-ci ilin iyulunda istefaya göndərilib. Dekabrda Maradonanın İraq yığmasına baş məşqçi təyin olunacağı bildirilsə də, bu, baş tutmayıb.