Mahmud Qurbanov: “Şimali İrlandiyaya xal qazanmaq ümidi ilə gedirik”
07 noyabr 2016 14:41 (UTC +04:00)

Mahmud Qurbanov: “Şimali İrlandiyaya xal qazanmaq ümidi ilə gedirik”

“Qarabağ” daha öncə də adlı-sanlı klublara qarşı oynayıb, onları məğlub edib. PAOK-la görüşə gəldikdə, təmsilçimiz həm Bakıda, həm də səfərdə rəqibinə gücünü göstərdi”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov deyib.
 
Ötən həftə Avropa Liqasında IV turun oyunları keçirilib. “Qəbələ” evdə “Sent-Etyen”ə 1:2 hesabı ilə uduzduğu halda, “Qarabağ” səfərdə PAOK-a 1:0 hesabı ilə qalib gəldi. Bu oyunları, həmçinin noyabrın 11-də dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Şimali İrlandiya – Azərbaycan görüşünü müzakirə edən gənc mütəxəssis söhbətə avrokubokla başlayıb.
 
Qurban Qurbanovun yetirmələrinin mərhələ adlamaq şansından danışan M. Qurbanov bildirib ki, “Qarabağ” səfərdə PAOK-u məğlub etməklə qrupdan çıxmaq üçün böyük addım atıb: “Qrupda “Fiorentina” şərhsiz liderdir. Püşkdən sonra ikinci yerdə kimin qərarlaşacağı müzakirə olunan zaman da mütəxəssislərimiz ikinci yerdə “Qarabağ”ın yer alacağını gözləyirdi. Komandanın səfərdə qələbəsi isə növbəti mərhələ şansını daha da artırdı. Amma “pley-offdadırlar” da demək olmaz. Çünki qarşıda 2 matç var. Deyərdim ki, “Qarabağ”ı səfərdə “Slovan”la çətin oyun gözləyir. Ardınca isə “Fiorentina”nı qəbul edəcək. Bu səbəbdən tələsməyək”.
 
“Qarabağ”ın PAOK nədə üstələməsinin səbəblərini açıqlayan məşqçinin sözlərinə görə, vaxtında edilən əvəzetmələr də qələbəmizə öz töhfəsini verib.
 
M. Qurbanov “Qəbələ”-“Sent-Etyen” görüşü barədə də danışıb. O, Roman Qruqorçukun yetirmələrinin nə üçün hesabda öndə ola-ola məğlub olmasına aydınlıq gətirib: “Həm Fransadakı, həm də evdəki matçı canlı izləmişəm. “Qəbələ” Bakıda pis oynamadı. Birinci hissədə gözəl futbol nümayiş etdirdi, qol da vurdu. Amma ilk hissənin axırıncı dəqiqəsində yol verdikləri səhv onları ruhdan saldı. İkinci 45 dəqiqədə hücum etmək istəsələr də, alınmadı. Düzdür, “Qəbələ”nin bu görüşdə 1 xal qazanacağını düşünürdük və istəyirdik. Lakin olmadı. Onların xalı və artıq heç bir iddiası da yoxdur. Qarşıda 2 görüşləri var. Düşünürəm ki, üzərlərində təzyiq də olmayacaq. Əksinə, futbolçular üçün yaxşı təcrübə olacaq. Hər halda, “Qəbələ”nu uğursuzluqda günahlandırmaq da düz deyil. Onlar cəmi ikinci ildir Avropa Liqasının qrupunda oynayırlar. Təcrübəsizlik, lazımı səviyyədə konsentrasiya olunmamaq və öz səhvləri səbəbindən qapılarında qol görürlər. Hesabda öndə ola-ola yekunda uduzmağa gəlincə, hansısa mövqeni günahlandırmaq olmaz. Düşünürəm ki, komanda şəklində müdafiə olunanda daha çox diqqətli olmalıdır. Məncə, əsas problemləri budur. Bunu “Qəbələ”nin baş məşqçisi daha yaxşı bilər, bunların hamısını yaxşı görür”.
 
Ötən mövsüm qrupda 2 qol vuran “Qəbələ” bu il rəqib qapılarından artıq 4 top keçirsə də, hələ də xal qazana bilməyib. Sabiq yarımmüdafiəçi bunu 2015/2016 mövsümü ilə müqayisədə bu dəfə komandanın daha güclü rəqiblərlə düşməsilə əlaqələndirib.
 
Yığmamız DÇ-2018-də növbəti seçmə oyununda Şimali İrlandiya ilə qarşılaşacaq. Tarixində ən uğurlu starta imza atan millimizin 3 oyunda 7 xal qazanmasına toxunan “professor” ləqəbli veteran futbolçu bildirib ki, səfərə xal qazanmaq ümidi ilə yollanacaqlar: “Optimist olmalıyıq. Reallıq budur ki, 7 xal toplamışıq. Bəlkə də bunu heç kim gözləmirdi. Amma qarşıda bizi daha çətin oyunlar gözləyir. Noyabrın 11-də Şimali İrlandiya ilə səfər matçımız qrupda ən çətin qarşılaşmalarımızdan biri olacaq. Buna baxmayaraq, ümidliyik”.
 
Uğurlu start bir müddət əvvələdək heç kimin xəyalına gətirmədiyi final mərhələsi haqda düşüncələrə səbəb olub. M. Qurbanov ən azı 2-ci yerlə pley-offa çıxmağımızı real saymağın tez olduğunu deyib: “Hələ 3 görüş oynamışıq, qarşıda matçlarımız var. İndidən nə isə xəyal qurmaq da düzgün deyil. Çünki futbol proqnozu xoşlamır. Amma hamımız hər oyuna çıxdıqca, xal ehtiyatımızı artırmaq istəyirik. Mərhələnin sonlarına yaxın nə isə fikirləşmək olar. İndidən xəyal qurmaq, nə isə demək çox tezdir”.
 
Arxada qalan 3 oyun nə qədər sevindirici olsa da, müəyyən problemləri də qabartdı. M. Qurbanov “San-Marino kimi aşkar autsayderə 1 qolun vurulması, 3 matçda cəmi 2 qolun qeydə alınmasını ön xətdəki problemlə izah etmək olarmı” sualını belə cavablandırıb: “San-Marino ilə oyunda bir neçə qol epizodu yaratdıq, amma istifadə edə bilmədik. Düzdür, Norveç və Çexiya milisi ilə görüşlərdə bu az oldu. Buna baxmayaraq, daha kombinasiyalı hücumlar qurmağa çalışırıq. 1, 3 və ya 7 qol vursan da, yekunda xalı qələbəyə görə verirlər. Bütün problemləri isə məşqlərdə aradan qaldırmaq üçün addımlar atırıq. Baş məşqçi hücumçular və hücumameylli futbolçularla fərdi söhbətlər də aparır. Yəqin ki, qarşıdakı oyunlarda qol epizodlarını qola çevirməyi bacaracağıq”.
 
Az öncə Türkiyədə seleksiyaçıların tapıntısı olan Dəniz Yılmazı (“Bursaspor”) izləyən çalışdırıcı Şimali İrlandiya ilə görüşə çağırılan hücumçunun komandamızın ön xəttindəki probleminə kömək olacağına inanır. M. Qurbanovun sözlərinə görə, gələcəkdə də ölkə xaricindən yığmamıza futbolçu dəvət edilə bilər. O bildirib ki, Azərbaycandan kənarda oynayan həmyerlilərimiz daima diqqətdədir və fərqlənənlər aşağı yaş qrupu üzrə millilərə gətirilir.
 
İki səfər oyunundan məğlubiyyətsiz və qol buraxmadan dönən komandamızın Şimali İrlandiya ilə matç öncəsi hazırlıq planlarını açıqlayan mütəxəssis bu matçda gözləntilərini də dilə gətirib: “Bütün futbolçular noyabrın 7-də düşərgədə olacaqlar. Bir gün sonra isə tam heyətlə Belfasta yola düşəcəyik. Buradan da sərfəli nəticə ilə qayıtmaq istəyirik. Bunun üçün çalışacağıq. Vaxtımız da çox qalmayıb. Əsas odur ki, oyuna zədələrsiz hazırlaşaq. Rəqibi də kifayət qədər analiz etmişik. Atletik futbol göstərirlər, əsasən cinahlardan oynayırlar, hündürboyludurlar. Standart vəziyyətlərdən, asmalardan yararlanırlar. Fikrimcə, Şimali İrlandiya bizlə oyuna çox ciddi yanaşacaq. Əgər oktyabrda komandalar ardıcıl 2 oyun keçirsələr də, bu ay bir matça çıxacaq. Futbolçularımız bütün güclərini qoyacaqlar ki, yaxşı nəticə qazanaq. Mən heç vaxt proqnoz vermirəm. Amma ümidliyik. Baş məşqçi və biz komandamızın potensialına, gücünə, mübarizliyinə inanırıq”.
 
Xorvatiyalı baş məşqçi Robert Prosineçki Şimali İrlandiya ilə oyun üçün açıqladığı heyət yenə birmənalı qarşılanmayıb. M. Qurbanovun sözlərinə görə, klublarında müntəzəm oynamayan Arif Daşdəmirov, Namiq Ələsgərov, Araz Abdullayev, Emin Mahmudov və zədədən yeni qayıdan Elvin Məmmədov heç də futbolçu qıtlığına görə məcburiyyətdən yığmaya çağırılmayıb: “Düzdür, onlar çempionat oyunlarında müntəzəm oynamırlar. Amma bunlar əvvəlki qarşılaşmalarda sınanmış futbolçulardır və təcrübələrinə daha çox ehtiyac var. Şimali İrlandiya ilə görüş öncəsi hansısa yeni futbolçu çağırmaq olar. Lakin onu sınamaq mümkün deyil. Çempionatda oynayan bir neçə futbolçunu qarşıdakı yoxlama görüşlərində milliyə dəvət edib, sınamaq üçün şans veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346
avatar

APA TV

Oxşar yazılar