Macarıstanda “Bakı-2015”in təqdimatı keçirilib
21 fevral 2015 14:14 (UTC +04:00)

Macarıstanda “Bakı-2015”in təqdimatı keçirilib

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Macarıstanda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, təqdimat Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə baş tutub.

Tədbirdə Macarıstanın insan resursları naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.

 

Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb. Suallar əsasən Avropa Oyunlarına hazırlıq, bu Oyunlara ayrılan büdcə, idmançılar və jurnalistlər üçün yaradılan şərait barədə verilib.

 

Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.

 

Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya dəvət edib. Nazir bir çox televiziya kanallarına müsahibələr verib.

 

Sonra tədbirin rəsmi hissəsi başlayıb.

 

Mərasimin aparıcısı Azərbaycan və Macarıstan arasındakı tarixi əlaqələr, Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricdə mədəni irsin qorunub saxlanması, mədəniyyətlərarası dialoqun təşviq olunması və gənclərin təhsil almaları üçün imkanların yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlər barədə məlumat verib.

 

Azad Rəhimov çıxışında Azərbaycanın növbəti illərdə ev sahibliyi edəcəyi mötəbər beynəlxalq idman yarışları barədə danışıb. Birinci Avropa Oyunları haqqında ətraflı məlumat verən nazir bu idman yarışının ölkəmiz üçün əhəmiyyətindən, eləcə də onun bütün Avropa idman həyatına verəcəyi töhfələrdən bəhs edib. A.Rəhimov Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sədri olduğu “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən də söhbət açıb.

 

Macarıstanın idman, turizm və digər sahələri özündə birləşdirən insan resursları naziri Zoltan Baloq yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb. Nazir Azərbaycanla Macarıstanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini deyib. O, Azərbaycan və macar idmançılarının həmişə beynəlxalq yarışlarda yüksək nəticələr əldə etdiklərini diqqətə çatdırıb. Azərbaycanı bu mötəbər tədbirə ev sahibliyi etməsi münasibətilə təbrik edən nazir “Bakı-2015” Avropa Oyunlarına hazırlaşan macar idmançılarının uğurlu nəticələr göstərəcəklərinə və medallarla geri dönəcəklərinə ümid etdiyini bildirib.

Sonra tədbir iştirakçıları Avropa Oyunlarına hazırlıq prosesini əks etdirən filmə baxıblar. Daha sonra ziyafət verilib. Ziyafət zamanı Azərbaycanın lirik mahnıları səslənib, Bakının görüntülərini əks etdirən videoçarx göstərilib.

Tədbir çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, Azərbaycanın milli mənəvi dəyərlərini, zəngin tarixini özündə əks etdirən kitablar və incəsənət xadimlərinin əsərlərindən ibarət sərgi də nümayiş etdirilib. Sərgi ilə yaxından tanış olan Macarıstanın dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri müstəqilliyinin 24-cü ildönümünü qeyd edən Azərbaycanın öz milli mənəvi dəyərlərinə sahib çıxmasını yüksək qiymətləndiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163

Oxşar yazılar