Lənkəranlı pəhləvan erməni rəqibini yıxıb, qalib oldu
07 may 2015 23:45 (UTC +04:00)

Lənkəranlı pəhləvan erməni rəqibini yıxıb, qalib oldu

Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Təbriz Yusubzadə Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnirdə erməni rəqibinə qalib gələrək, yarışı fəxri kürsünün ən yüksək pilləsində başa vurub.

 

AZƏRTAC xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan həmyerlimiz bütün rəqiblərinə qalib gələrək, yarışın qızıl medalını qazanıb.

 

T.Yusubzadənin məşqçisi Vüqar Sultanov bildirib ki, bu turnirdə millimizin heyətində yeganə qızıl medalın sahibi məhz lənkəranlı güləşçi olub. Onun üçün final görüşü xüsusi əhəmiyyət daşıyıb. Fərəhli haldır ki, azərbaycanlı idmançı həmin qızıl medalı erməni rəqibinə qalib gələrək qazanıb.

 

Beynəlxalq turnir, eyni zamanda, iyun ayında keçiriləcək Avropa çempionatına seçim xarakteri daşıyıb.

 

Ümumilikdə isə, turnirdə iştirak edən gənclərdən ibarət milli komandamızın üzvləri 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə ediblər. Komanda hesabında yığmamız üçüncü pillədə qərarlaşıb.

 

Qeyd edək ki, Təbriz Yusubzadə bundan əvvəl Azərbaycanda keçirilən beynəlxalq yarışı da qızıl medalla başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402
avatar

Oxşar yazılar