Futbol üzrə İsveç çempionatında “Yurqorden” və “Mölbü” komandaları arasında keçirilmiş oyunu meydana atılan armud dayandırıb. Lent.az-ın “Aftonbladet” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Stokholm şəhərindəki “Yurqorden” stadionunda baş verib.
2-ci tur qarşılaşmasının 37-ci dəqiqəsində qonaqlar Robin Stomberqin qolu ilə önə hesabda keçiblər. “Mölbü”nün oyunçuları qolu qeyd etməyə başladıqları vaxt tribunadan müxtəlif əşyalar – butulka, dəmir pul və meyvə atılıb. Nəticədə futbolçu Qbenq Arokoyo armud zərbəsindən qarnını tutaraq, yerə sərilib. Baş hakim polislə məsləhətləşmədən sonra görüşü dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, hazırda “Yurqorden” 1 xalla 16-cı, “Mölbü” isə 14-cü pillədədir.