Martın 26-da 2014-cü il dünya çempionatının seçmə qrup oyununda Azərbaycan yğıma komandasının qonağı olacaq Portuqaliya millisi "Bakı" futbol klubunun təlim-məşq bazasının stadionunda daha bir məşqə çıxıb. Lent.az-ın məlumatına görə, martın 24-də saat 11:00-da baş tutan məşqə qonaqlar tam heyətlə qatılıblar.
İspaniyanın "Real Madrid”inin dünya şöhrətli ulduzu Kriştianu Ronaldu da onların arasında olub. O, məşq zamanı “Bakı” klubunun 17 yaşlılardan ibarət komandasının futbolçusu Valeh Seyidova jest edib. Ronaldu Seyidova xüsusi hədiyyəsini təqdim edib. O, ötən mövsüm U-17 liqasında vurduğu 40 qolla bombardir titulu qazanan gənc futbolçuya şəxsən imzaladığı "Real Madrid” formasını hədiyyə edib. Seyidov da öz növbəsində Ronalduya “Bakı”nın idman geyimi və xatirə hədiyyəsi verib.
Qeyd edək ki, Kriştianu Ronaldu Azərbaycan milli komandası ilə qarşılaşmada forma geyinməyəcək. İsrail - Portuqaliya oyununda sarı vərəqə limitini dolduran Ronaldu millimizlə qarşılaşmanı Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarından izləyəcək.