Kompleks direktoru: “Vitse-prezident yalan danışır” - QALMAQAL
26 aprel 2013 18:47 (UTC +04:00)

Kompleks direktoru: “Vitse-prezident yalan danışır” - QALMAQAL

Heydər Əliyev adına İdman Konsert Kompleksinin direktoru Rafiq Behbutov Azərbaycan Qış İdman növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyevin ittihamlarına cavab verib. Behbutov Lent.az-a açıqlamasında deyib ki, o, yalan danışır.

 

Onun sözlərinə görə, İdman Konsert Kompleksi təsərrüfat hesablı olsa da, Gənclər və İdman Nazirliyinin balansındadır. Bu səbəbdən, kompleksdə hansı növün fəaliyyət göstərməsinə dair qərarı yalnız nazirlik verə bilər: “Bunların hamısı uşaq söhbətləridir. Azərbaycanda idman siyasətini Gənclər və İdman Nazirliyi müəyyənləşdirir. Mənim kimi neçə-neçə kompleks direktoru var. Hərəsi özbaşına qərar versə, daha nə oldu? Quliyev deyir ki, buz meydançasını saxlamaq üçün sponsor tapmışdılar. Yalan danışır. Mən bunu ilk dəfədir eşidirəm. Sponsor tapmışdısa, bunu mənimlə yox, nazirliklə həll etməli idi. Nazirlik də mənə deyərdi: “Ay Rafiq, bir aydan sonra burda buz olacaq”. Mən də “baş üstə” reaksiyasını verərdim. Mənə nazir desə ki, bura buz lazımdır, ona “Yox, buraxmıram” cavabını verə bilərəm? Elə şey ola bilər? Mən öz evimə buraxmaya bilərəm. Amma İdman Konsert Kompleksi mənim evim deyil. Buranın adi direktoruyam. Məgər mən özbaşınayam? Nazirimlə məsələni həll etsinlər, mənə göstəriş verilsin, onlar da gəlib buz meydançasını qursunlar”.

 

Behbutov bildirib ki, İdman Konsert Kompleksində 16 növ üzrə idman yarışı keçirmək mümkündür. Bu səbəbdən, hazırda basketbol meydançası kimi istifadə olunan zalın buz meydançası üçün nəzərdə tutulduğunu iddia etmək olmaz: “Nə olsun, bu meydança standart ölçüdədir? Baş arena da 60X30 metr ölçüdə salınıb. Bir də ki, Quliyev hansı zalın nə üçün olduğunu haradan bilir? Boş-boş danışır. Təkcə dediyi zal yox, bütün kompleks dünya standartlarına uyğundur. O dediyi və bir neçə il öncə təşkil etdikləri buz şousunun pulunu hələ də verməyib. Qaçıb-gedib. Pulu istəyəndə verəcəyini desə də, aradan çıxdı. Pulu məhkəmə yolu ilə də ala bilmirəm. Səbəb çoxdur, amma açıqlamaq istəmirəm”.

 

Direktor bir daha buz meydançasına mane olmağa səlahiyyətinin çatmadığını bəyan edib: “Nazirim mənə nə desə, onu da etməliyəm. Mən burada əsgərəm. İdman siyasətini yürüdən adam deyiləm. Buna səlahiyyətim çatmır. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi buz döşənməsinin gərəkliyini desə, yerinə yetiriləcək. Basketbol meydançasının salınmasını desələr, basketbol meydançası da olacaq. Məgər mən nazirəm, yoxsa Milli Olimpiya Komitəsinin rəsmisi? Bir insan kimi öz mövqeyim ola bilər. Amma bir direktor kimi buna səlahiyyətim çatmır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

Oxşar yazılar