Futbol üzrə Çempionlar Liqasında İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” komandaları arasındakı 1/8 final mərhələsinin cavab görüşünün baş hakimi Cüneyt Çakıra verilən qiymət üzə çıxıb. Lent.az-ın “Milliyet”ə istinadən verdiyi məlumata görə, matçın inspektoru Pyerluici Kollina türkiyəli referiyə 8,2 bal yazıb.
Bu isə kifayət qədər yüksək qiymət sayılır. Kollina Çakırın 56-cı dəqiqədə Luiş Naniyə qırmızı vərəqə göstərməsini düzgün qərar sayıb. O, referinin sonrakı idarəçiliyini də qənaətbəxş sayıb. Amma Kollinanın iradları da olub. O, oyundan sonra Çakırı alqışlamaqla etiraz nümayiş etdirən “Mançester Yunayted”in müdafiəçisi Rio Ferdinanda sarı vərəqənin göstərilməli olduğunu bildirib. FİFA nümayəndəsi istedadlı referinin öz üzərində çalışmasının gərəkliyini də vurğulayıb.
Qeyd edək ki, Cüneyt Çakır “Mançester Yunayted” 1:0 hesabı ilə öndə olduğu vaxt Luiş Nanini meydandan qovub. “Real Madrid” say üstünlüyündən yararlanaraq, 2 qol vurub. Nəticədə 2:1 hesablı qələbə qazanan “kral klubu” ¼ finala yüksəlib.