AFFA İntizam Komitəsi Novruz bayramı öncəsi klublara cərimələr yağdırıb. Lent.az-ın məlumatına görə, Topaz Premyer Liqası komandalarından daha çox Zaqatala “Simurq”u ziyana düşüb.
XXIII turda “Qarabağ”la oyunun 63-cü dəqiqəsində “Simurq”un azarkeşləri meydana kənar əşya atıblar. Bu səbəbdən, klub 2000 manat ziyana düşüb. 81-ci dəqiqədə isə zaqatalalı futbolçu Rəşad Eyubov simulyasiyaya görə ikinci sarı vərəqənin ardından meydandan qovulub. Futbolçuya 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib.
“Bakı” və “İnter” hərəyə 1000 manat cərimələnib. Səbəb bu komandaların müvafiq olaraq, “Neftçi” və “Qəbələ” ilə görüşlərdə 4 və 5 futbolçusunun sarı vərəqə almasıdır.
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev isə “Rəvan”la görüşün 74-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alıb. O, 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimələnib.