Fransanın “Sent-Etyen” futbol klubunun prezidenti Rolan Romeyer aprelin 20-də Parisdə “Renn”lə keçirəcəkləri Liqa Kubokunun final matçına velosipedlə gedəcək. Lent.az-ın məlumatına görə, səbəb Romeyerin məşqçilər heyətinə mərcdə uduzmasıdır.
“Sent-Etyen” yarımfinalda “Lill”i penaltilər seriyasında məğlub edib – 7:6. Bu görüş öncəsi Romeyer deyib ki, komandası finala yüksəlsə, həlledici görüşə velosipedlə yollanacaq. O, vədinə xilaf çıxmayıb və klubun icraçı direktoru Dominik Roşeto ilə birgə səfərə çıxacağını açıqlayıb.
Qeyd edək ki, Sent Etyen şəhəri ilə Paris arasındakı məsafə 524 km-dir.