Yarımfinalın ikinci iştirakçısının müəyyən olunacağı Braziliya-Kolumbiya oyunu Bakı vaxtı ilə gecə saat 01.00-da başlayacaq. Cənubi Amerika ölkələrinin qarşılaşması öncəsi Braziliya yığmasında ciddi psixoloji gərginlik yaşanır. Braziliya 11 metrlik zərbələr seriyasının sonunda Çiliyə qalib gəlsə də, bu qələbə həm də futbolçularda ciddi psixoloji problemlər yaradıb. Bu səbəbdən baş məşqçi Felipe Skolyari yığmanın bazasına psixoloq dəvət edib. Tanınmış psixoloq Rejina Brandan oyunçuların psixoloji portretlərini hazırlayıb, onları fərdi söhbətlərlə Kolumbiya ilə oyuna hazırlayıb. Dünya çempionatının ən gözəgəlimli oyununu nümayiş etdirən Kolumbiya yığması isə matça tam hazırdır. Komandanın rəhbərliyi qazanacaqları qələbənin sürpriz olmayacağını bəyan edib. Kolumbiya prezidenti Xuan Manuel Santos ölkə vətəndaşlarını Braziliya ilə oyun zaman ictimai asayişə riayət etməyə çağırıb. Kolumbiya millisinin Uruqvay yığması üzərində son qələbəsindən sonra ölkə ərazisində 3200 insident qeydə alınıb, toqquşmalarda 34 nəfər yaralanıb.