İspaniyanın “Real Madrid” klubunun qapıçısı İker Kasilyas futbol üzrə Çempionlar Liqasında İngiltərə “Mançester Yunayted”i ilə 1/8 final mərhələsinin hər iki oyununu buraxacaq. Lent.az-ın məlumatına görə, 31 yaşlı qolkiper İspaniya Kubokunun ¼ finalında “Valensiya” ilə cavab görüşü zamanı əlini zədələyib.
O, 13-cü dəqiqədə komanda yoldaşı Alvaro Arbeloa ilə toqquşma nəticəsində xəsarət alaraq, yerini digər qapıçı Antonio Adana verib. Tibbi müayinə nəticəsində Kasilyasın əl sümüyünün qırıldığı müəyyənləşib. Qapıçının bərpasına 6 həftə lazımdır.
Qeyd edək ki, “Real Madrid” və “Mançester Yunayted” arasındakı ilk görüş fevralın 13-də İspaniyada, cavab görüşü isə martın 5-də İngiltərədə olacaq.