AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İtaliya yığmasının yeni baş məşqçisinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, appeninlilərin yeni çalışdırıcısı Antonio Konte olub.
“Yuventus”un sabiq baş məşqçisi ilə İtaliya Futbol Federasiyası arasında 2 illik müqavilə razılaşdırılıb. 45 yaşlı mütəxəssis DÇ-2014-ün final mərhələsindəki uğursuzluq üzündən istefa verən Çezare Prandellinin gedişindən sonra boş qalan posta yiyələnib.
İtaliya yığmasının yeni baş məşqçisinin qazancı da məlum olub. Konte təxminən 4,2 milyon avro qazanacaq. Bunun 1,7 milyon avrosunu federasiya, 2,5 milyon avrosunu isə “Puma2 şirkəti ödəyəcək. Konte bununla da milli məşqçiləri arasında 3-cü ən yüksək ödənişli çalışdırıcı olacaq. İtaliyalı yalnız İngiltərə millisinin baş məşqçisi Roy Hocson və Rusiya yığmasını çalışdıran Fabio Kapellodan geri qalır.
Qeyd edək ki, Azərbaycan və İtaliya milliləri arasında ilk oyun bu ilin oktyabrında keçiriləcək.