İspaniya prokurorluğu “Saraqosa” futbol klubu və 41 nəfər haqqında cinayət işi açılması ilə bağlı məhkəməyə müraciət edib. Lent.az-ın “Əl-cəzirə”yə istinadən verdiyi xəbərə görə, prokuror Alexandro Luzon 21 may 2011-ci ildə keçirilən “Levante”-“Saraqosa” matçının danışılmış olduğunu iddia edib.
Alexandro Luzon “Saraqosa”nın səfərdə “Levante”ni 2-1 hesabı ilə məğlub edərək çempionatda qaldığı və “Deportivo”nun ikinci diviziona düşdüyü 2010-2011 mövsümündə danışılmış oyunla bağlı ittiham aktını tamamlayıb. 2 oktyabrdan bu yana iş üzrə 25 nəfər dindirilib. İttiham aktında “Saraqosa” klubunun qələbə üçün “Levante”nin futbolçularına 965 min avro ödədiyi yazılıb.
“Saraqosa”nın keçmiş prezidenti Aqapito İqlesias, “Saraqosa”nın keçmiş baş məşqçisi Xavyer Aqirre və hər iki klubdan 35 nəfər futbolçu iş üzrə təqsirli bilinir. Təqsirləndirilənlər arasında hazırda “Atletiko” Madriddə çıxış edən Qabi, 2009-2010 mövsümündə “Qalatasaray”' qapısını qoruyan Leo Franko, 2004-2006 mövsümlərində “Beşiktaş”da çıxış edən Xuanfran Qarsiya, Maurizio Lanzaro, Ander Herrera, Toni Doblas, Paulo Cesar Da Silva, Braulio, Ponzio, Jorge Lopez ve Diogo kimi futbolçular da var.