Gənclər və idman nazirinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) I vitse-prezidenti İsmayıl İsmayılov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) vitse-prezidenti və İcraiyyə Komitəsi üzvlüyünə namizədliyini şərh edib. İsmayılov Lent.az-a açıqlamasında bildirib ki, namizədliyi İWF-nin istəyi ilə AAAF tərəfindən irəli sürülüb.
Nazir müavini deyib: “Beynəlxalq qurum öz rəhbərliyində Azərbaycanın da təmsil olunmasını istəyirdi. Ona görə də AAAF mənim namizədliyini verdi. Əgər vitse-prezident seçilə bilməsəm, İWF İcraiyyə Komitəsinin üzvü ola bilərəm”.
Beynəlxalq qurum rəhbərliyinə seçiləcəyi halda, nazir müavini kimi fəaliyyətini davam etdirəcəyini söyləyən İsmayılov IWF-də ictimai əsaslarla çalışacağını xatırladıb: “Seçilsəm, bu, Azərbaycan idmanı adına da bir uğur sayıla bilər. Çünki beynəlxalq qurumların rəhbərliyində nə qədər çox təmsilçimiz olarsa, bu, ölkəmizdə idmanın inkişafına daha böyük dəstək olar”.
Qeyd edək ki, 20-21 mayda Rusiyanın paytaxtı Moskvada İWF-nin konqresi keçiriləcək. Toplantıda növbəti 4 il müddətinə qurumun prezidenti, baş katibi, vitse-prezidentləri, İcraiyyə Komitəsinin və digər komitələrin üzvləri seçiləcək.