İspaniya Kral kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, sözügedən turnirdə azarkeşlər yalnız bir qarşılaşmaya şahidlik edib.
Bu da “Santyaqo Bernabeu” stadionunda baş tutub. Belə ki, möhtəşəm arenada “Real” əzəli rəqibi “Barselona”nı qəbul edib. Oyun öncəsi meydan sahiblərinin heyətində itkilər var idi. Zədə üzündən qapıçı İker Kasilyasla, müdafiəçi Pepe, digər futbolçu Serxio Ramos isə cəza üzündən forma geyinməmişdir. Həmçinin baş məşqçi Joze Mourinyo ilə komanda üzvləri arasında problemlərin yaranması da daha çox diqqət mərkəzində idi.
“Barselona”nın düşərgəsində isə yeganə itki baş məşqçi Tito Vilanova idi. 44 yaşılı çalışdırıcı xəstəliyi ilə əlaqədar olaraq ABŞ-ın Nyu-York şəhərinə müalicəyə yollanıb. Onu isə köməkçisi Xordi Rura əvəzləmişdir.
Matça gəldikdə isə ilk dəqiqələrdən hücuma atılan hər iki komanda fasiləyə qədər hesabı aça bilməyib. İkinci yarıya isə Kataloniya təmsilçisi daha sürətli başlayıb. Bunun əvəzində “Barselona” 50-ci dəqiqədə istəyinə nail olub. Sesk Fabreqas madridliləri cəzalandıraraq komandasını hesabda önə keçirib. Lakin onların sevinci 30 dəqiqə çəkib. 19 yaşlı Varan “Kral klubu”nun bərabərlik qolunu vuraraq komandasını məğlubiyyətdən xilas edib – 1:1.
Beləliklə, “Barselona” cavab qarşılaşması öncəsi səfərdən sərfəli nəticə ilə qayıdıb. Digər yarımfinal qarşılaşmasında isə bu gün “Atletiko” ilə “Sevilya” üz-üzə gələcək.
Qeyd edək ki, “El Klassiko” adlandırılan “Real” – “Barselona” dueli iki komanda arasında ölkə kubokunda 32-ci qarşılaşma olub. Əvvəlki görüşlərin 15-də Kataloniya klubu, 10-da madridlilər sevinib və 6 oyun sülhlə başa çatıb. “Barselona” 26, “Real” 18 dəfə bu kuboku qazanan tərəf olub. La Liqada isə hazırda “Barselona” 58 xalla liderdir. 43 xala malik olan “Real” isə 3-cüdür.
İlk “El Klassiko” sülhlə başa çatdı
1069