Heydər Əliyevin anım günü ilə əlaqədar Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından Lent.az-a verilən məlumata görə, yürüş Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA) təşkilatçılığı və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) dəstəyi ilə baş tutub.
Dekabrın 9-dan 12-dək dörd gün müddətində həyata keçirilən və 150-dən çox iştirakçının qatıldığı yürüş ilk əvvəl “Heydər zirvəsi”nin yerləşdiyi Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ətəklərində qurulmuş düşərgəyə, növbəti gün isə oradan Zirvəyə hərəkətlə davam etdirilib.
Yürüş iştirakçıları Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivinin ən yüksək nöqtəsində qoyulmuş Heydər Əliyevin barelyefi önünə qızılgül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.