Azərbaycanda səfərdə olan Türkiyə milli komandasının sabiq futbolçusu Hakan Şükür təcili vətəninə qayıdıb. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə AFFA-nın baş katibi Elxan Məmmədov açıqlama verib.
Bundan təəssüflənən Məmmədov bildirib ki, hazırda Türkiyə Böyük Millət Məclisinin deputatı olan Şükürün işi çıxıb. Bu səbəbdən, keçmiş hücumçu Azərbaycan və dünyanın futbol veteranları arasındakı yoldaşlıq görüşünü buraxmalı olub.
“Amma ümid edirəm ki, Şükür gələcəkdə yenidən Bakıda olaraq, yaşıl meydana çıxmaq imkanı qazanacaq” deyən baş katib Türkiyə millisinin baş məşqçisi Abdullah Avcının sağ ayağındakı zədə səbəbindən oynamadığını açıqlayıb. Bununla belə, Avcı matçı sonadək izləyib. Məmmədov baş məşqçinin qapıçı Rüştü Rəçbəri yenidən Türkiyə yığmasına qəbul etməyə qərar verdiyini deyib.
Avcı isə zarafata zarafatla cavab verib: “Bugünkü görüşdə oynayanların hamısını Türkiyə millisinə götürəcəyəm”.
Qeyd edək ki, veteranlar arasındakı qarşılaşma 3:3 hesablı heç-heçə ilə nəticələnib.