“Bakı” klubunun prezidenti və AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov jurnalistlərə müsahibə verib. Məmmədov Lent.az-ın da suallarını cavablandırıb:
- “Bakı”nın qış fasiləsindən sonra çıxışını necə dəyərləndirərdiniz? Avrokuboklara “altılıq”dan çıxmaq realdır, yoxsa əsas hədəf ölkə kubokudur?
- Əsas hədəf ölkə kubokudur, ancaq çempionatdan çıxmağa nəzəri şans var. Komandanın çıxışı tək məni yox, digərlərini də razı salır. Bu gün Konfrans zamanı futbol veteranlarımız da bunu söylədi. Artıq hamı bizim oyunu bəyənib. Ancaq hədəfimiz həmişəki kimi kubok qazanmaq, mükafatçılar sırasına düşməkdir.
- Bəs komanda avrokuboklara düşməsə...
- Düşməsə, bunu o qədər də faciə kimi qəbul etməyəcəyik. Əsas məqsəd yayda sıfırdan gözəl bir komanda qurmaqdır. Bildiyiniz kimi, yaxşı inkişaf edən futbol ölkələri ilə əlaqələrimiz var. Buna görə yayda super bir sürpriz, super bir komanda hazırlayacağıq.
- “Atletiko” ilə danışıqlar nə yerdədir? Onların gəlişi nə vaxta gözlənilir?
- İspanları gəlişi artıq dəqiq bilindi. 10 günün içində “Atletiko”nun direktoru və bir neçə texniki mütəxəssislər gələcək. Onlar AFFA ilə bərabər 1 həftə ərzində turnir keçirib, seçim edəcəklər. Bu, pilot layihəsidir. Məqsədimiz 2016-cı ildə Azərbaycanda keçiriləcək 17 yaşlılardan ibarət yığmaların final mərhələsinə futbolçular hazırlamaqdır. Bu, tək “Bakı”nın yox, “Neftçi”nin, digər klublarımızdan da olsun. İstəyərlər, “Bakı” klubu xərcləri öz üzərinə götürə bilər. İstəməzlər, kimlərin imkanı varsa, özü də xərcləri boynuna götürə bilər. Ancaq bizim məqsəd ildə heç olmasa 15-20 azərbaycanlını Madridə göndərməkdir ki, bu, həm təhsil, həm də idmanla bağlıdır.
- İspaniyaya növbəti səfər nə vaxta gözlənilir?
- “Atletiko”nun 3 derbi oyunu və İspaniya kuboku uğrunda final matçı var. Bir neçə veteranımızı də aparmaq istəyirik. Məsələn, İsgəndər Cavadov və bəzi veteranlarımızın “Atletiko” – Azərbaycan futbolu əlaqələndirmə mərkəzinin idarə etməyini istəyirik.
- İcraiyyə Komitəsinin qərarlarından razı qaldınızmı? Narazı qaldığınız məqamlar oldumu?
- Bugünkü qərarlar superdir. Hamı AFFA prezidenti Rövnəq Abdullayevin verdiyi qərarlara yekdilliklə səs verdi. Həm çempionatda, həm də digər dəyişiklərə müsbət dəyişiklər oldu. Hər kəs çox düşünmədən öz razılığını verdi. Bildiyiniz kimi, “Atletiko”nun Azərbaycana gəlmək məsələsi var.
- Bu, nə vaxt olacaq?
- 3 tarix var: aprelin 16-sı, 2 may və 25 may. Sonuncu ona görə ki, mayın 17-də İspaniyada kubokun finalıdır. Mayın 2-si bizim təşəbbüsdür ki, ulu öndərimiz, mərhum Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində belə bir oyun keçirilməyi yaxşı olardı. Aprelin 16-sı isə onlarda boş vaxt var.
- Ötən mövsümlərdən fərqli, bu il Azərbaycan Superkuboku baş tutacaq. Bununla bağlı fikirləriniz...
- Superkubok hər yerdə var, bizdə də olsun. Bunun tarixini dəqiqləşdirib deyəcəklər. Ancaq biz 2 ildir Superkubokun olmağını gözləyirik. Biz olmasın, başqası oynasın.
- Azərbaycan kubokunun qazanmaq şansınız olduğundan, Superkubokun iştirakçısı ola bilərsiniz...
- Biz buna çalışacağıq. İki mərhələmiz – yarımfinal və final qalıb. Kubok bizi maqnit kimi çəkir.
- Yarımfinalda rəqibiniz olan “Xəzər Lənkəran”a tanınmış uelsli baş məşqçi Con Toşakın gəlməyini necə qarşıladınız?
- “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov burda idi. Mən ona dedim ki, qardaş, sıfırdan bir komanda hazırlayın. Toşak çox peşəkardır. Biz 3-4 ayda “Xəzər Lənkəran” kimi komandanı itirdik. Bu komandanın özü bir ajiotaj gətirir. Yaxud “Sumqayıt”, AZAL olsun. Elə etmək lazımdır ki, kimləsə vidalaşmayasan, çempionatda 3-4 dəfə bunlarla oynayasan. Həm oyun praktikası baxımından, həm də azarkeşlər üçün yaxşıdır. İnanın ki, Azərbaycanda stadionlara az adam gəlsə də, hər kəs futbolla maraqlanır. Hamı baxır, oxuyur. Mənə elə gəlir ki, inşallah, əla olacaq.
- Sizcə, yüksək liqada 12 yox, 10 komanda olmağı aşağı dəstə komandalarına qarşı haqsızlıq deyil ki? “Qaradağ Lökbatan”, “Neftçala” 2 ildir Premyer Liqaya çıxmağa çalışır...
- Heç bir haqsızlıq yoxdur. Müəyyən təkliflər oldu. Ən çox 21 yaşlı futbolçu “Lokomotiv”dədir. Ancaq yaxşı qərar verildi ki, I liqada hər komandada 21 yaşadək minimum 8 futbolçu oynasın. I liqanın öz, güclülər dəstəsinin öz duzu var. Ancaq oyun praktikası üçün super qərardır.