Güləşin taleyi azərbaycanlıya həvalə olundu - EKSKLÜZİV
21 fevral 2013 15:22 (UTC +04:00)

Güləşin taleyi azərbaycanlıya həvalə olundu - EKSKLÜZİV

 

Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti Namiq Əliyevə məsul vəzifə həvalə olunub. Qurumun baş katibi Əjdər Cəfərovun Lent.az-a verdiyi məlumata görə, N.Əliyev Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) Büro iclası zamanı yaradılan Böhran Qrupuna üzv seçilib.

 

Ə.Cəfərov bildirib ki, ümumilikdə 7 nəfərdən ibarət qrup güləşin 2020-ci il Yay Olimpiya Oyunları proqramında saxlanılması üçün təqdimat hazırlayacaq. Təqdimat Beynəlxalq Olimpiya Komitəsinin (İOC) mayda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək İcraiyyə Komitəsinin iclasında baş tutacaq. Böhran Qrupu, həmçinin güləşin 2025-ci ilədək inkişaf strategiyasını işləyəcək, iri marketinq agentlikləri ilə əlaqələrin qurulmasını təmin edəcək.

 

Baş katib N.Əliyevin qrupa üzv seçilməsini belə əsaslandırıb: “Namiq müəllim FİLA-nın elmi departamentinin rəhbərlərindən biridir. Digər tərəfdən, Azərbaycan güləş ölkəsidir və bizdə bu növün inkişafına böyük diqqət yetirilir. Bunları nəzərə alaraq, onu Böhran Qrupuna üzv seçiblər”.

 

 

FİLA-nın yaponiyalı vitse-prezidenti Tomiaki Fukudanın sədrliyi ilə qrupun ilk iclası gələn ay keçiriləcək. Ə.Cəfərovun sözlərinə görə, toplantı martın 7-də İOC prezidenti Jak Rogge ilə FİLA-nın prezidenti vəzifəsini icra edən Nenad Laloviç arasında baş tutacaq görüşdən sonra olacaq: “Rogge güləşin 2020-ci il olimpiadası üçün təklif edilən 25 əsas idman növü arasında olmamasının səbəblərini açıqlayacaq. Bundan sonra Böhran Qrupu həmin problemləri aradan qaldırmaq üçün bir araya gələcək”.

 

 

Qeyd edək ki, FİLA-nın prezidenti Rafael Martinetti fevralın 16-da istefaya göndərilib. Bu, İOC İcraiyyə Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınan 25 əsas idman növü arasında güləşin dəstəklənməməsi barədə qərarından sonra baş verib. İndi güləş olimpiadakı mövqeyini qorumaq üçün 7 idman növü – beysbol (softbol), karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşu ilə mübarizədən qalib ayrılmalıdır. Bu növlərin Sankt-Peterburqda keçiriləcək təqdimatından sonra yekun qərar sentyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək İOC-un sessiyasında veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2003
avatar

Oxşar yazılar