Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə V ölkə çempionatı keçirilib.
APA-nın məlumatına görə yarışın açılış mərasimində Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, əməkdar məşqçi Vüqar Muradov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış ediblər. İki gün davam edən yarışda 23 şəhər və rayondan 300 idmançı iki versiya üzrə 24 çəki dərəcəsində mübarizə aparıb. Çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar verilib. Ölkə çempionları yığma komandanın heyətinə cəlb edilərək beynəlxalq yarışlara hazırlanacaq.
İdmançılar aprelin 10-16-da Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatında və aprelin 12-15-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək döyüş növləri olimpiyadasında ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, son 3 ildə bu idman növü üzrə dünya çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunub. Hazırda ölkəmizin 50 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 10 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur.