Gənclər və İdman Nazirliyindən sərt mövqe
25 yanvar 2013 18:39 (UTC +04:00)

Gənclər və İdman Nazirliyindən sərt mövqe

Yanvarın 25-də Milli Olimpiya Komitəsində dağçılıq idman növlərində yaranmış vəziyyətin müzakirəsi məqsədilə iclas keçirilib. Bu haqda Lent.az-a Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) vitse-prezidenti Sarvan Rəsulov məlumat verib.

 

O bildirib ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə baş tutan toplantıya FAİREX-ə daxil olan 48 klubdan 130 nümayəndə qatılıb. Toplantıda nazirlik tərəfindən bütün dağçılıq qurumlarının vahid təşkilatda birləşdirilməsinə dair mövqeyi səsləndirilib.

 

Rəsulovun sözlərinə görə, FAİREX 2008-ci ildən nazirliklə birgə dağçılıq növləri üzrə çempionatlar, beynəlxalq turnirlər keçirir: “Lakin Azərbaycan Alpinizm Federasiyası tərəfindən bu, müəyyən qısqanclıqla qarşılanıb. Hətta həmin federasiyanın prezidenti İsrafil Aşurlu bizim yetişdirdiyimiz idmançını şirnikləndirici təkliflərlə öz tərəflərinə çəkib. Eyni zamanda bəzi idmançıları FAİREX-in keçirdiyi yarışlara buraxmayıblar. Məsələyə qarışan Gənclər və İdman Nazirliyi dövlətin idman siyasətini həyata keçirən qurum kimi mövqeyini açıqlayıb. Nazirlik bütün dağçılıq növlərinin vahid qurumda birləşməsini və idarəçiliyin FAİREX-ə həvalə olunmasını məqsədəuyğun sayıb”.

 

Qeyd edək ki, hazırda Azərbaycanda dağçılıq növləri üzrə iki federasiya – FAİREX və Azərbaycan Alpinizm Federasiyası (APF) fəaliyyət göstərir. APF-ə keçmiş alpinist İsrafil Aşurlu rəhbərlik edir. Lakin Aşurlu hazırda Rusiyada yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1278
avatar

Oxşar yazılar