İtaliyanın “Udineze” klubunun futbolçusu Danilo 1 il həbs cəzasına məhkum olunub. Lent.az-ın məlumatına görə, bu barədə Braziliyanın San-Paulu ştatının kriminal məhkəməsi qərar çıxarıb.
Danilonun mühakimə olunmasına səbəb olan insident 2010-cu ildə Braziliya Kubokunda “Palmeyras” və “Atletiko Paranaense” arasındakı oyun zamanı baş verib. Həmin vaxt “Palmeyras”da çıxış etmiş futbolçu rəqib oyunçu Manoelin sifətinə tüpürüb və onu “meymun” adlandırıb.
Danilo həbs cəzasından qurtula bilər. Bunun üçün məhkəmə onun apellyasiya şikayətini təmin etməli və azadlıqdan məhrum etmə cəzasını 127 min avro cərimə ilə əvəz etməlidir. 28 yaşlı futbolçunun illik qazancı 400 min avrodur.
Qeyd edək ki, Danilo 2011-ci ilin yayında “Udineze”yə keçib. Bu mövsüm o, 25 matçda iştirak edib.