Futbol üzrə Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində növbəti oyunlarına hazırlığı martın 13-də başlanacaq. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 2 həftəyədək davam edəcək toplanış ərzində yığmamız Lüksemburq və Portuqaliya yığmaları ilə üz-üzə gələcək.
Hazırlıq prosesi Topaz Premyer Liqasında final mərhələsinin ilk turundan iki gün sonra start götürəcək. Hələlik toplanışa dəvət alan futbolçular məlum deyil. Baş məşqçi Berti Foqtsun təlimləri üzündən ölkə çempionatında heç bir oyun keçirilməyəcək. Növbəti tur isə martın 29-da olacaq.
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Lüksemburqla səfərdə, martın 26-da isə Portuqaliya ilə Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.