Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasında (FİLA) növbədənkənar konqresin vaxtı müəyyənləşib. Lent.az-ın məlumatına görə, toplantı mayın 18-də Rusiyanın paytaxtı Moskvada baş tutacaq.
Belə bir qərar İsveçrənin Korzye-sür-Vevye şəhərində keçirilmiş FİLA-nın antiböhran işçi qrupunun toplantısında qəbul olunub. Bu qrupun üzvlərindən biri Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevdir. Ali güləş qurumunda prezident səlahiyyətlərini icra edən Nenad Laloviç martın 7-də Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Jak Rogge ilə görüşüb. Bu görüşdən sonra Laloviç antiböhran işçi qrupunun üzvləri ilə bir araya gəlib.
Qərara alınıb ki, 2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd növlərin təqdimatına 11 gün qalmış FİLA-da seçkilər keçirilsin. Məhz həmin konqresdə qurumun yeni prezidenti məlum olacaq. Təqdimat İOC İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək iclasında baş tutacaq. Bunun üçün FİLA aparıcı marketinq şirkətlərindən biri ilə müqavilə bağlayacaq.
Qeyd edək ki, FİLA-nın əvvəlki prezidenti Rafael Martinetti fevralın 16-da qurumun Büro iclasında səsvermə nəticəsində istefa verib.