FİFA futbol klublarının transferlər zamanı menecerlərə daha az pay vermələri üçün yeni addımlar atmağı qərara alıb. Lent.az-ın məlumatına görə, ali futbol qurumu 2012-ci ildə həyata keçirilən 11555 oyunçu transferindən menecerlərə 28 faiz payın ödənilməsini düzgün saymayıb.
Bu vəziyyətə son qoymaq istəyən FİFA “Qlobal oyunçu dəyişiklikləri” adlı bir sistem quracaq. Beləliklə, klublar transferi münasib olan oyunçulardan asanlıqla xəbər tutacaqlar. Nəticədə klublar hər hansı oyunçunu almaq üçün birbaşa təmasa keçəcəklər və menecerlərə ödəniləcək yüksək məbləğlər tarixə qovuşacaq. Eyni zamanda bir futbolçunun transfer hüququna 3-cü şəxs və ya qurumların sahib olmasına da məhdudiyyət qoyulacaq.
FİFA-da hesab edirlər ki, yeni sistem transferlərə də şəffaflıq gətirəcək: “Bir çox klub oyunçuların transfer məbləğindəki incəliklərə yiyələnə bilmir və bu da oyunçuların qiymətlərinin artmasına səbəb olur. Yeni sistem ötən həftə Klublar Komitəsində müzakirə edilib”.
Qeyd edək ki, Beynəlxalq İdman Fəaliyyətləri Mərkəzinin araşdırmalarına əsasən, “Böyük beşlik” adlandırılan İngiltərə, Fransa, Almaniya, İtaliya və İspaniya çempionatlarında menecerlərin yalnız 15 faizi FİFA lisenziyasına malikdirlər.