Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurasının növbəti iclası Bakıda keçiriləcək. Bu haqda Lent.az-a FİDE-nin vitse-prezidenti Ali Nihat Yazıcı bildirib.
O bildirib ki, nüfuzlu tədbir 3 – 6 mayda təşkil olunacaq: “İkinci vətənim olan Azərbaycanda keçiriləcək FİDE Prezident Şurasının toplantısında iştirak üçün Bakıya gələcəyəm. Bakı üçün çox darıxmışam”.
Yazıçı Prezident Şurasında müzakirə olunacaq məsələlərin hələ bəlli olmadığını bildirib. Onun sözlərinə görə, toplantının gündəliyi aprelin ortalarında müəyyənləşəcək və 70-80 səhifədən ibarət olacaq. Çox önəmli toplantı olacaq. Əminəm ki, Ermənistanın Azərbaycanda keçiriləcək Dünya Kuboku və Şahmat Olimpiadasına qarşı mövqeyi müzakirə olunmayacaq”.
Qeyd edək ki, FİDE-nin Prezident Şurası 3 ayda bir dəfə toplanır. Əvvəlki toplantı 19-20 yanvarda Ermənistanda olub. 24 nəfərdən ibarət Şurada FİDE rəhbərliyi ilə yanaşı, kişilər və qadınlar arasında hazırkı dünya çempionları Vişvanatan Anand (Hindistan) və Anna Uşenina (Ukrayna) da yer alıb.