Tennis üzrə “Böyük dəbilqə” seriyasından keçirilən Avstraliyanın açıq çempionatında kişilərin fərdi mübarizəsində də son finalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, bu, Böyük Britaniya təmsilçisi Endi Mürreydir.
O, yarımfinalda isveçrəli Roje Federeri məğlubiyyətə uğradıb. 4 saat davam etmiş qarşılaşmada Mürrey ilk seti 6:4 hesablı üstünlüklə tamamlayıb. Sonrakı setdə Federer 7:6 hesablı qələbəyə nail olub. Üçüncü setdə yenə britaniyalı tennisçi qalib olub – 6:3. Amma məşhur tennisçi dördüncü setdə 7:6 hesablı qələbəyə nail olub. Həlledici setdə isə Mürrey daha inamlı təsir bağışlayıb – 6:2. Bununla da Federer 4 dəfə qələbəyə nail olduğu Avstraliyanın açıq çempionatında ardıcıl 3-cü il finala yüksələ bilməyib.
Qeyd edək ki, yanvarın 27-də keçiriləcək finalda Endi Mürreyin rəqibi serbiyalı Novak Cokoviç olacaq. Bundan bir gün öncə isə belaruslu Viktoriya Azarenko ilə çinli Na Li qadınların fərdi mübarizəsində qalibi müəyyənləşdirəcək.