Fariz Məmmədov uddu, qələbəni Mübarizə həsr etdi
24 mart 2013 21:37 (UTC +04:00)

Fariz Məmmədov uddu, qələbəni Mübarizə həsr etdi

 

Azərbaycanı və “Qəbələ” boks klubunu peşəkar arenada təmsil edən Fariz Məmmədov 2013-cü ildə keçirdiyi ilk döyüşdə qələbə qazanıb. Lent.az-ın məlumatına görə, Almaniyanın paytaxtı Berlindəki “Merkur” arenasında baş tutan döyüşdə Məmmədov 36 yaşlı polşalı boksçu Mariuş Biskupski ilə üz-üzə gəlib.

 

Gərgin keçən 6 raundluq reytinq döyüşü idmançımızın xal hesablı qələbəsi ilə yekunlaşıb. Döyüş ərzində boksçumuz rəqibini 2 dəfə nokdauna salıb. Bu, 8 illik fasilədən sonra Məmmədovun peşəkar rinqdə ikinci döyüşü olub. Daha öncə o, erməni boksçu Jeqise Tomazyana nokautla qalib gəlib.

 

Biskupski ilə döyüşdən sonra “gabalafc.az”a açıqlamasında Fariz Məmmədov qarşılaşmanın ağır keçdiyini, lakin söz verdiyi kimi, rəqibinə qalib gəldiyini bildirib: "Döyüşə yaxşı hazırlaşmışdım. Artıq iki ay idi ki, yalnız bu görüş barədə düşünürdüm və gərgin məşqlər keçirdim. Rəqibim də çox güclü və təcrübəli döyüşçü idi. Əslində bir həftə öncəyə kimi fərqli rəqiblə görüşəcəyimi düşünürdüm. Peşəkar boksda belə gedişlər hər zaman olur. Dediyim kimi polşalı boksçu peşəkar arenada tanınır. O indiyə kimi 45 peşəkar döyüş keçirmişdi. Mən layiqli rəqiblərlə döyüşməyi, risk etməyi sevirəm. Həmd olsun ki, döyüşdən üzüağ çıxmağı bacardım”.

 

Məmmədov qələbəni bu yaxınlarda dünyasını vaxtsız dəyişmiş dostu, “Qəbələ”nin sabiq əməkdaşı Mübariz Nəcəfova həsr etdiyini söyləyib: "Bu döyüşə Mübarizlə birlikdə gəlməyi planlaşdırmışdıq. Dostumun vaxtsız vəfatı planımızın reallaşmasına imkan vermədi. Qələbəni Mübarizə həsr edirəm. Ruhu şad olsun”.

 

# 1285
avatar

Oxşar yazılar