Çinin “Şanxay Şenxua” klubu Türkiyə “Qalatasaray”ı ilə müqavilə bağlayan Didye Droqbadan FİFA-ya şikayət edəcək. Lent.az-ın məlumatına görə, “Şanxay Şenxua” Fildişi Sahilindən olan hücumçunun müqavilə ilə onlara məxsus olduğunu bəyan edib.
Klub ötən ilin yayında Droqba ilə imzaladıqları 2,5 illik müqavilənin hələ qüvvədə olduğunu bildirib. Çin təmsilçisi müvafiq sənədləri FİFA-ya göndərəcəyini açıqlayıb.
“Qalatasaray” klubu ilə Droqba arasında danışıqları aparmış Ceylan Çalışkan isə “Şanxay Şenxua”nın haqsız olduğunu iddia edib. Çalışkanın sözlərinə görə, futbolçu maaşını 1 ay gecikdirən klubla anlaşmanı pozmaq hüququna malikdir. Droqbanın alacaqları isə 3 aydır ödənmir. Menecerləri bu barədə “Şanxay Şenxua”nı məlumatlandırdıqda, Çin klubu əmək haqqını ödəyə bilmədiklərini söyləyib. Bu səbəbdən, afrikalı forvard ötən il dekabrın 16-da FİFA-ya müraciət edərək, müqaviləsini pozub. Məhz bundan sonra “Qalatasaray” onunla danışıqlar apararaq, 2,5 il müddətinə razılığa gəlib.