"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Neftçi" - "Bakı" (2:0) matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının məlumatına görə, tanınmış yazıçı "flaqman"a kömək etmək üçün bu təklifi qəbul etdiyini bildirib.
- Fasilədə Müşahidə Şurasının üzvləri ilə görüşünüz oldu. Maraqlıdı, oyuna baxmaq üçün niyə sonradan gəldiniz?
- Mənim xaricilərlə görüşüm var idi. Əslində, bir az tez gəlməli idim. İstəyirdim ki, onları da matça gətirim. Sadəcə olaraq, oyunun necə qurtaracağını bilmirdim. Ümumiyyətlə, klubun strukturunda dəyişiklik etmək istəyirik. Alman və ya ingilis klublarından nümunələr götürə bilərik. Mən buna inanıram.
- İşləriniz həddindən artıq çox olur. Bu, sizin “Neftçi”dəki işinizə mane olmayacaq ki?
- İdman federasiyalarında nüfuzlu adamlar rəhbərlik edir. Şərt deyil ki, özü bu işlə məşğul olsun. Bizdə Şahmat Federasiyasının sədri Elman Rüstəmovdu (Azərbaycan Respublikası Mərkəzi Bankın sədri – red.). Siz elə bilirsiz ki, onun məndən az işi var? Taekvondo Prezidentinin də rəhbərinin kim olmasını bilirsiniz. Və ya digərləri... Onlar təyin olunub ki, həmin işə kömək etsinlər. İnanmıram ki, siz məndən çıxıb, meydanda oynamağımı xahiş edəsiniz. Xahiş də etsəz, gedib qapıçı durmayacam (gülür) Mən klubun beynəxalq arenada nüfuzunun qaldırmasına kömək edəcəm. Mənim tanışlarım var ki, onlardan bizi beynəxalq turnirə qəbul etmələrini xahiş edə bilərəm. Dəvət etsələr, oynamalıyıq axı. İstəyirəm ki, bizim uğurumuz olsun.
- Beynəxalq əlaqələriniz güclüdü və yetərincə nüfuzunuz var. Bunları nəzərə alsaq, “Neftçi”ni brendə çevirmək üçün nə kimi planlarınız var?
- Bayaq icraçı direktorumuz Elnur Məmmədov dedi ki, biz Azərbaycan dedektivini dünya brendinə çevirdik, nəyə görə bunu futbolda da etməyək? Bizim digər idman növlərində yetərincə uğurlarımız olub. Çox işlər görmək olar. Bunu əvvəlcədən demək istəmirəm. Diktafonları söndürəndən sonra bu barədə sizə məlumat verə bilərəm.
- “Neftçi”də struktur dəyişikliyi mövsümün sonlarına yaxın oldu. Məsələ burasındadı ki, flaqmanın durumu indi elə də ürəkaçan deyil. Çünki klub indi ikinci yer uğrunda mübarizə aparır. Kuboku da qazanmaq şansı var. Cari mövsümdə müsbət nəticə qazana bilməsəz sizin üzərinizdə qınaq olmayacaq?
- Düzdü, qınaq olacaq. Amma iki aya komandanı dəyişdirmək olmaz. 2002-ci ildə Dünya Çempionatda almanlar gümüş mükafatla kifayətlənəndə, onlar dedilər ki, biz gec-tez çempion olacağıq. Bunun nəticəsini də sonradan gördük. Bizim yaxşı oyunçularımız var. Bundan istifadə edib, yaxşı komanda formalaşdıra bilərik. Əvvəlcədən sizə deyim ki, biz Kriştiano Ronaldo və ya Leonel Messini “Neftçi”yə transfer edə bilmərik (gülür). Düzdü, bunu istəyirik. Amma mümkünsüz bir şeydi. İlk öncə biz stadionlara azarkeşləri cəlb etmək istəyirik. Bizdəki bütün futbolçuların maaşını hesablasaq, Ronaldonun qazandığı məbləğə çatmayacaq. O, bu pulu alanda klubu əvəzində xeyli gəlir əldə edir. Mənim kapitalizmdən xoşum gəlmir, solçuyam. Buna baxmayaraq, başa düşürəm ki, futbol ən çox gəlir gətirən idman növüdü. Ola bilməz ki, küllü miqdarda pul xərcləyəsən, amma heç bir nəticəsi olmasın. Biz komandaya cəlb edilən legionerlərdən də yaxşı oynamalarını tələb etməliyik.
- Belə başa düşdük ki, Berti Foqtsun 6 il ərzində ölkə futbolumuza xeyir verməməsi həm də sizi narahat edib.
- Bəli, bu, məni çox narahat edib. Foqts oyunçu kimi mənim çox xoşuma gəlirdi. Onu şəxsən də tanıyırdım. Onun uğursuz olmasının səbəbləri çox idi. Alman məşqçi Otto Rihagel Yunanıstanı Avropa çempionu etdi. Bu, bizdə niyə olmamlıdı? Millidə yerli futbolçular olmalıdı. Birini yalandan evləndirərik... Belə olmaz axı. Hamısını etmək mümkün deyil.
- Qeyd etdiniz ki, beynəlxalq turnirlərdə iştirak etmək istəyirik. Konkret olaraq hansı turnirlərdən söhbət gedir?
- Hər ölkədə yer tutan komandalara yer verilir. Biz də istəyirik ki, heç olmasa, bir az irəli gedək. Malta millisini udub, sevinirik. Vaxtı ilə desəydilər ki, Malta yığmasını udmağa sevinəcəyik, ovaxtkı futbolçular qəbirdə çevrilədi. Mən sevinməyək demirəm, amma bu qədər də yox. Bu, bizim böyük uğurumuz deyil.
- SOCAR prezidenti Rövnəq Abdullayev açıqlamasında “Neftçi”nin səhmlərinin satışa çıxrılacağını bildirmişdi. Müştərilər varmı?
- Bəli, müştərilər var. Amma bu barədə hələ danışmaq tezdi. Bunu deyə bilmərəm. Bu, dövlətin işidi. Məsələ burasındadı ki, bu, ictimai qurum olsa, vergi verməyəcək. Amma belə olmasa, vergi ödəməlidi. Ölkə futbolunda gəlir elə də yüksək deyil axı. Düzdü, böyük pullar xərclənilir, ancaq qazanılmır. Hər dəfə stadion azarkeşlərlə dolu olsa, nədənsə söhbət etmək olar. İngiltərənin “Mançester Yunayted” klubu ən varlılar sırasındadı. Mövsüm başlamamış oyunların bütün biletlərini satırlar. Biz uşaq olanda futbolu sevirdik. Bakıda 2 milyon adam yaşayır. Bu, elə də çətin olmamalıdı. Ona görə Oplimpiya Stadionunu istəyəndə güldülər də. Bu yöndə işlər aparmalıyıq. Lazım olsa, mən də danışıqlarda iştirak edərəm.
- Komandanın uğur qazanması üçün transfer siyasətini düzgün parmaq önəmlidi. Bu işdə məsuliyyət kimin üzərində olacaq?
- Bu işlə peşəkarlar məşğul olacaq və mən də nəzarət edəcəm. Hər şeyin şəffaf olmasını istəyirik. Transferdə məşqçinin maddi məsələlərə qarışmasına icazə yoxdu. Onun sədri olmalıdı. Transferə pul xərcləyiriksə, həmin məbləği haradansa götürməliyik. Mən də sponsor yanına getməliyəm. Ona görə də nüfuzlu adamları bu işə cəlb ediblər.
- Bu işdə sizə ən yaxın şəxs icraçı direktor Elnur Məmmədov olacaq. Amma onun rəhbər işdə təcrübəsi elə də çox deyil. Bu, sizi narahat etmir ki?
- Xeyr. Bu, məni narahat etmir. Biz pis işləsək, birinci özüm dözməyəcəm. İstefa ərizəmi yazıb çıxıb gedəcəm. Adam ilk növbədə özünə hörmət etməlidi. Pis, yaxşı 29 dildə mənim kitablarım tərcümə olnub. Pis, yaxşı Azərbaycanın tarixində ən cavan xalq yazıçısı olmuşam. Mənim qələmim də, kitabım da var. Bunu əlimdən heç kəs ala bilməz. Formalaşdırdığım imici futbolda korlamaq niyyətində deyiləm. Buvaxta qədər kimdənsə rüşvət qəbul etməmişəm. Nəyə görə özümü biabır etməliyəm? Mənə çox adam dedi ki, bu iş nəyə görə sənə lazımdı? Mən də cavab verdim ki, öz komandamdısa, futbolumuza, xalqımıza niyə də kömək etməyim? “Neftçi”nin güclü sponsoru var. Heç bir komandanın bizim qədər varlı sponsoru yoxdu. Bu komandanın bir əfsanəsi var. SSRİ-də çempionatında 3-cü yeri tutanda heç bilirsiz ki, Bakıda necə sevinirdilər?
- “Neftçi” haqda kitab yazmaq fikrində deyilsiniz?
- Xeyr. Futboldan da kitab yazmışam. Mən dedektiv yazaram. Deyirsiz ki, mən gələn kimi dedektiv başlasın? Gəlkən kimi birini öldürüm?(gülür)
- Sadıq Sadıqovun klub rəhbəri kimi sizdən təcrübəli olması bir reallıqdı. Maraqlıdı, Sadıq bəylə məsləhət almısınızmı?
- Əlbəttə. Onun telefon nömrəsini də almışam. Yazırlar ki, biz bir-birimizi duelə çağıracağıq. Onun məsləhəti ilə də işləməliyik. Onsuz mümkün deyil. Peşəkarlar olmasa, uğur olmayacaq. Heç vaxt demək olmaz ki, mən hamısından yaxşı fəaliyyət göstərirəm.
- Çingiz bəy, nə vaxtsa bir futbol klubuna rəhbərlik edəcəyinizi gözləyirdinizmi?
- Mən bunu gözləməzdim. Uşaqlıqda kimsə desəydi ki, mən xalq yazıçısı olacam, buna inanmazdım. Hətta 1 manata 1 milyon da pul qoyub, mərc gələrdim. İndi də inanmağım gəlir. Mən çox işləməliyəm ki, bu etimadı doğruldum. Çox işləməliyik ki, klubun nüfuzunu qaldıraq. Heç nə qazanmayacam. Uğur qazansaq, mənəvi borcumu yerinə yetirmiş olacam. Vaxtı ilə hüquq fakülətsində futbol klubunun prezidenti olmuşam. Orada 12 general da var idi. Həmin generalların hansılar olduğunu desəm, inanmazsınız.
- Bəhram Bağırzadə güldürən, siz isə düşündürən və ağladan birisiz. Çətin olmayacaq ki?
- Bağırzadə mənə dedi ki, mənim anam da sizin kitablarınızı oxuyur. Bəhram hər dəfə çıxış edəndə mən sevinirdim. Gör, indi özü necə ağıllı kitablar yazır. Sevinirəm ki, onun kimi biri bizimlə çalışacaq.
- “Neftçi”nin itirilən nüfuzundan danışdınız. Paytaxt klubunun nüfuzunun itirməsinin bir sıra səbəbləri var: hakimin söyülməsi, futbolçunun döyülməsi, azarkeşlərin həbs olunması, matçlarda qan axıdılması və s. Bütün bunlar barədə məlumatınız var idi?
- Mən Azərbaycanda yaşayıram. Bütün bunlar barədə də məlumatım var idi. Mənim ilk peşəm hüquqşunasdı. Belə bir hadisə yenə baş versə, söz verirəm ki, liberal olmayacam. Özünü apara bilməyən insanlar “Neftçi”dən rədd olunacaq. Futbol idman növüdü. Bura cavan uşaqlar gəlir. İdmandan nümunə götürməlidi. Üzr istəyirəm, özünü heyvan kimi aparanlardan cavanlar nə nümunə götürməlidi? Kitab yazanda fikirləşirəm ki, bu, uşaqları tərbiyə etməlidi. İdman da belə olmalıdı. Feyr-pley qaydalarına riayyət etmək lazımdı. Dalaşsalar, söysələr, kimisə döysələr, bu, futbol olmayacaq.
- Yəni, sizin rəhbərliyinizlə “Neftçi” nümunəvi komanda olacaq?
- Sizə söz verirəm ki, dava olmayacaq. Kimsə kimisə təhqir etsə, bu adamlar burada qalmayacaq. Bu, cinayət işidi. Ya mən qalacam, ya da onlar. Belə işlərdə sərt adamam. İşdə intizama önəm verirəm. Futbol dünyada ən çox izlənilən idman növüdü. Hamı baxıb, yaxşı şeyləri nümunə götürməlidi. Mən bura kömək etmək üçün gəlmişəm. Kömək edə bilməsəm, gedərəm. Yazıçı kimi haqqımda obyektiv yox, axmaq yazılar olanda heç vaxt cavab vermirəm. Səbəbin də soruşanda deyirəm ki, abidə milçəyə cavab verməz.
Mənbə: futbolinfo.az