Dağıstanlı keçmiş güləşçi Səid Mürtəzalıyev güləşin Olimpiya oyunları siyahısından çıxarılması qərarına etiraz olaraq qızıl medalından imtina edir. Lent.az-ın məlumatına görə, hazırda Dağıstanda Pensiya Fonduna rəhbərlik edən Mürtəzalıyev Beynəlxalq Olimpiya Komitəsinə yazdığı məktubda etirazını bildirib.
O, 2000-ci il Sidney olimpiadasında çempion olub. Bu ayın əvvəli Beynəlxalq Olimpiya komitəsi 2020-ci il oyunlarında güləşin siyahıdan çıxarıldığını açıqlamışdı. Bundan sonra Beynəlxalq Güləş Federasiyasının prezidenti də etiraz olaraq istefa vermişdi.