Çempionlar Liqası: Qvardiolanın keçmiş və gələcək komandaları üz-üzə
23 aprel 2013 19:33 (UTC +04:00)

Çempionlar Liqası: Qvardiolanın keçmiş və gələcək komandaları üz-üzə

0

Aprelin 23-də futbol üzrə Çempionlar Liqasında (ÇL) ilk yarımfinal matçı keçiriləcək. Lent.az-ın məlumatına görə, “Bavariya” klubu Almaniyada İspaniya “Barselona”sını qəbul edəcək.

 

Münhen şəhərindəki “Alyans Arena”da baş tutacaq görüşü macarıstanlı referi Viktor Kaşşai idarə edəcək. O, start fitini Bakı vaxtı ilə saat 23:45-də çalacaq.

 

“Bavariya” ardıcıl 2-ci mövsüm ÇL-in yarımfinalında İspaniya təmsilçisi ilə üz-üzə gələcək. Ötən il münhenlilər “Real Madrid”i mübarizədən kənarlaşdırmışdılar. “Bavariya” İspaniya klublarına qarşı 20 ev matçında yalnız 1 dəfə uduzub. Bu səbəbdən, çoxları məntiqlə meydan sahiblərini favorit sayırlar. Lakin iş təkcə statistikada deyil. Bir neçə tur öncə Almaniya çempionu adını qazanmış komanda hazırda çox qüdrətli təsir bağışlayır. Hətta erkən çempionluqdan sonra da “gümüş salat qabları” Bundesliqada rəqiblərinə aman vermir. Son 4 turda “Bavariya” 20 qol vurub. Komandada cəmi 2 itki var. Mario Mancukiç cəza, Tuni Kros isə zədə üzündən oynamayacaq. Əvəzində “Barselona”da Karles Puyol, Xavyer Maskerano və Lionel Messi zədəlidir. Düzdür, Messi Münhenə uçub. Amma onun meydana çıxacağı hələ məlum deyil. Serxio Buskets isə zədəsini yenicə sağaldır. Onun da iştirakı sual altındadır. Messinin yoxluğunda “Barsa” böyük çətinliklə qələbə qazanır. Elə İspaniya çempionatının ötən turunda Kataloniya təmsilçisi “Levante”ni cəmi 1 qolla yenə bilib.

 

Qeyd edək ki, hər iki klub özlərinin 5-ci Çempionlar Kuboku uğrunda mübarizə aparır. Bununla yanaşı, onları Xosep Qvardiola fiquru birləşdirir. Qvardiola “Barselona”nın baş məşqçisi qismində 2009 və 2011-ci illərdə ÇL-i qazanıb. Cari mövsümün sonunda isə o, “Bavariya”nın sükanı arxasında Yupp Haynkesi əvəzləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1155

Oxşar yazılar