Çempionlar Liqası: Möhtəşəm duetlər
20 fevral 2013 19:00 (UTC +04:00)

Çempionlar Liqası: Möhtəşəm duetlər

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına böyük maraqla gözlənilən 2 qarşılaşma ilə yekun vurulacaq. Lent.az-ın məlumatına görə, fevralın 20-də Bakı vaxtı ilə saat 23:45-də “Milan İtaliyada İspaniya “Barselona”sını, “Qalatasaray” isə Türkiyədə Almaniya “Şalke”sini sınağa çəkəcək.

 

“Milan” – “Barselona”

Baş hakim: Kreyq Tomson (Şotlandiya)

 

Cəmi bir il öncə “Milan” “Barselona”ya Çempionlar Liqasının ¼ finalında uduzmuşdu – 0:0, 1:3. İndi isə nəhənglər daha erkən mərhələdə üz-üzə gələcəklər. İtaliya təmsilçisi qrup mərhələsini çətinliklə dəf edə bilib. 6 oyundan cəmi 8 xal yığa bilən “Milan” qrup ikinciləri arasında ən az xalla mərhələ adlayıb. Bunun əsas səbəbi məhsuldarlığın çox aşağı olmasıdır – 6 oyuna 7 qol. “Barselona” isə hətta Şotlandiya “Seltik”inə sensasion məğlubiyyətə rəğmən, qrup qalibi olub. Kataloniya komandası “Milan”la görüşə yaxşı statistika ilə çıxacaq. “Barsa” “rossonyerlər”ə son 7 matçda uduzmayıb. “Milan” bugünkü rəqibinə sonuncu dəfə 2004-cü il oktyabrın 20-də Andrey Şevçenkonun qolu ilə qalib gəlib – 1:0.    

 

“Qalatasaray” – “Şalke”

Baş hakim: Uilyam Kollam (Şotlandiya)

 

Qrup mərhələsinin püşkündə hər iki komandanın bəxti gətirsə də, “Qalatasaray” 1/8 finala çətinliklə vəsiqə qazanıb. İlk 2 görüşdə məğlubiyyətlə üzləşən “Cim-Bom” sonrakı 4 oyundan 10 xal yığaraq, qrup ikincisi olub. “Şalke” isə İngiltərə “Arsenal”ını üstələyərək, gözlənilmədən qrup qalibi olub. Üstəlik, Almaniya təmsilçisi 6 matçın heç birindən məğlub ayrılmayıb. Amma bu, Huub Stevensi baş məşqçi postundan qovulmasını əngəlləyə bilməyib. “Şalke” hazırda Bundesliqada 9-cu pillədə gedir. Yeni baş məşqçi Yens Keller isə Avropa kuboklarında debüt edəcək. “Qalatasaray” rəqibini üstələyə bilsə, 2001-ci ildən sonra ilk dəfə ¼ finala yüksələcək. “Şalke” isə son illər 2 dəfə buna nail olub.

 

Oyun öncəsi mətbuat konfransında Keller “Cim-Bom”u çox ciddi rəqib adlandırıb. O, Türkiyə təmsilçisinin oyununu çox yaxşı analiz etdiklərini və İstanbula uğurlu nəticə üçün gəldiklərini açıqlayıb. Baş məşqçi “Şalke”nin hədəfinin ¼ finala vəsiqə olduğunu deyib. Lakin qonaq komanda İstanbula itkilərlə gəlib. Müxtəlif səbəblərdən İbrahim Afellay, Atsudo Uçida, Çiprian Marika, Kiriakos Papadopoulos, Lars Unnerstal ve Kristof Morits meydana çıxmayacaq. Gözündəki problemi aradan qaldıran hollandiyalı futbolçu Klas-Yan Huntelar isə komanda ilə birgədir.

 

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim isə komandası üçün “Şalke”nin heyətindəki itkiləri üstünlük saymayıb: “Eləyə qalsa, biz də Milan Baroşu itirmişik, Tomaş Uyfaluyşi mövsümün əvvəlindən oynamır, Yohan Elmander zədəlidir, Emmanuel Ebue Afrika Millətlər Kubokundan çox pis vəziyyətdə qayıdıb. Unutmayın ki, “Şalke” qrup mərhələsində məğlubiyyət üzü görməyib. Çox ciddi rəqiblə üz-üzə gələcəyik. Ümidvaram ki, oyun bizim qələbəmizlə başa çatacaq”.

 

Terim “Qalatasaray”ın supertransferləri Uesli Sneyderlə Didye Droqba barədə də danışıb. O bildirib ki, Sneyder 4, Droqba 2 aydır oynamır və hər ikisinin bəzi çatışmazlıqları var: “Amma get-gedə formaya düşməkdədirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922
avatar

Oxşar yazılar