Azərbaycanın voleybolçu qadınlardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasında 1/3 final mərhələsinin ilk oyununa çıxıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Alessandro Çiappininin komandası İtaliyada “Yamamay”ın qonağı olub.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 3:2. İlk setdə “Yamamay” 25:17 hesabı ilə üstün olub. Növbəti iki setdən “Azərreyl” 25:16 və 25:20 hesablı qələbələrlə ayrılıb. Dördüncü setdə də komandamız qələbəyə yaxı olub. Lakin son anda buraxılan səhvlər üzündən “Azərreyl” yenilib – 23:25. Görüşün taleyi “tay-breyk”də həll olunub. Bu zaman həm hücumda, həm blokda, həm də müdafiədə sönük təsir bağışlayan təmsilçimiz uduzub – 8:15. Cavab görüşü fevralın 13-də Bakıda olacaq. Növbəti mərhələyə çıxmaq üçün “Azərreyl” həmin qarşılaşmadan qalib ayrılmalı və əlavə “tay-breyk”də üstün olmalıdır.
Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Rabitə” fevralın 7-də Rusiyanın Kazan şəhərində “Dinamo”nun qonağı olacaq. Həmin gün 1/3 final mərhələsinin daha bir görüşündə Türkiyənin “Vakıfbank” və “Eczacıbaşı” üz-üzə gələcək.