Voleybolçu qadınlardan ibarət “Azərreyl” klubu Çempionlar Liqasının 1/3 finalına vəsiqə qazanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Alessandro Çiappininin komandası 1/6 final mərhələsinin cavab görüşündə Azərbaycanın digər təmsilçisi “Lokomotiv”i məğlub edib – 3:0.
Voleybol Federasiyasının idman zalında baş tutan qarşılaşmada nominal qonaqlar ilk setdən 25:20, ikincisindən 25:18, sonuncusundan isə 25:22 hesablı üstünlüklə ayrılıblar. İlk görüşdə də eyni hesabla qalib gəldiyindən, “Azərreyl” adını 6 ən güclü komanda sırasına yazdırıb.
Komandamızın növbəti mərhələdəki rəqibi “Yamamay” (İtaliya) – “Şveriner” (Almaniya) cütünün qalibi olacaq. Bu komandalar arasında cavab görüşü yanvarın 24-də keçiriləcək. Almaniyadakı ilk qarşılaşmada “Şveriner” qələbə qazanıb – 3:2.
Qeyd edək ki, Azərbaycanın daha bir təmsilçisi “Rabitə” də 1/3 finala çox yaxındır. Komandamız ötən həftə Fransada 3:1 hesabı ilə yendiyi “Kann”ı sabah Bakıda qəbul edəcək.