Martın 22-də Respublika Şahmat Mərkəzində start götürən 14-16-18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatı davam edir . Lent.az-ın məlumatına görə, bütün yaş qruplarında oyunlar dairəvi sistem üzrə keçirilir. 4-cü turdan sonra nəticələrə gəldikdə, 14 yaşadək qızlar arasında Aydan Höccətova , Günay Məmmədzadə və Ülkər Məmmədova 4 oyundan 4 xal toplayaraq qrupa liderlik edirlər. 14 yaşadək oğlanlar arasında isə Zaur Abbasov, Niyazi Nağdiyev 3.5 xal toplayaraq 1-2-ci yerləri , İsmayıl Şahəliyev və Qulam Məmmədov hərəsinə 3 xal toplayaraq 3-4-cü yerləri bölüşdürüblər.
16 yaşadək qızlar arasında Fatimə Əhmədova , Aytən Əmrayeva və Məğrurə İmanlı 3.5 xal toplayaraq turnir cədvəlinə başçılıq edirlər. 16 yaşadək oğlanlar arasında Nuri Murad ,Elxan Bayramov 3.5 xal, Elvin Bayramov , Miradil Zeynallı və Kənan Muxtarov 2.5 xal toplayıblar. 18 yaşadək oğlanlar arasında Misrətdin İsgəndərov fərqlənə bilib,hələlik o, 3.5 xalla qrupun lideridir. Beynəlxalq usta Ülvi Bacarani və Gəncə şahmatçısı Amil Abbasov hərəyə 2.5 xal toplayaraq 2-3-cü yerləri bölüşdürürlər.
Eyni yaşlı qızlar arasında isə Səbinə İbrahimova 2 xal toplayaraq qrupda birinci yerdədir. Bütün yaş qrupları üzrə I yeri tutan şahmatçılar Dünya çempionatına, II yerin sahibləri isə Avropa Çempionatına vəsiqə əldə edəcəklər.
Qaliblər (I yer) qiymətli hədiyyələrlə, habelə (I, II, III yerlər) Respublika Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar.