Türkiyəli baş hakim Cüneyt Çakıra daha bir etimad göstərilib. Lent.az-ın məlumatına görə, tanınmış referi Xorvatiya və Serbiya yığmaları arasında martın 22-də keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçına təyinat alıb.
Ona Bahatin Duran və Tarık Ongun yan xətt hakimləri, Barış Şimşek isə ehtiyat hakim qismində yardımçı olacaqlar. Keçmiş Yuqoslaviya respublikalarının üz-üzə gələcəyi qarşılaşma prinsipial əhəmiyyətə malikdir. 4 oyundan sonra Xorvatiya 10 xalla 2-ci, Serbiya 4 xalla 3-cü pillədədir. Oyun Zaqrebdəki “Maksimir” stadionunda baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.
Qeyd edək ki, Cüneyt Çakır daha öncə Çempionlar Liqasında İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” komandaları arasında keçirilmiş oyunu idarə edib. O, “qırmızı şeytanlar”ın futbolçusu Naniyə qırmızı vərəqə göstərib. “Real Madrid” say üstünlüyündən yararlanaraq, qələbə qazanıb – 2:1.