İspaniyanın “Real Madrid” və “Barselona” komandaları bu gecə futbol üzrə İspaniya Kubokunda üz-üzə gələcək. Lent.az-ın məlumatına görə, Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək ilk yarımfinal qarşılaşması Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.
Oyun öncəsi “Real Madrid”də itkilər və baş məşqçi Joze Mourinyo ilə komanda üzvləri arasındakı polemikalar daha çox diqqət çəkməkdədir. Zədə üzündən qapıçı İker Kasilyasla müdafiəçi Pepe zədə, digər arxa xətt oyunçusu Serxio Ramos cəza üzündən forma geyinməyəcək. Mourinyo aparıcı futbolçulardan Rikardu Karvalyu, Kriştianu Ronaldu, Luka Modriç, Məsut Özil, Qonsalo İquain və Mikael Essyenə oyundan 1 gün öncə istirahət verib.
Mətbuat konfransına isə o, yox, futbolçu Kərim Benzema çıxıb. Benzema bildirib ki, “Barselona” böyük komanda olsa da, matçın favoriti deyil. O, əzəli rəqiblərini mübarizədən kənarlaşdırmağa hazır olduqlarını açıqlayıb. Dünyanın 2 ən yaxşı futbolçusu Lionel Messi ilə Kriştianu Ronaldunu müqayisə edən Benzema “Bizim üçün ən yaxşısı Ronaldudur” deyib. Fransalı forvard baş məşqçi ilə bəzi futbolçular arasında problemlərin yaşanmasına dair iddiaları isə təkzib edib.
“Barselona”nın düşərgəsində isə yeganə itki baş məşqçi Tito Vilanovadır. Vilanova xəstəliyi ilə əlaqədar ABŞ-ın Nyu-York şəhərinə müalicəyə yollanıb. Onu Xordi Rura əvəzləyəcək. Rura “Real Madrid”dəki itkilərin rəqibə çətinliklər yaşatmayacağını bildirib: “Əksinə, onları əvəzləyəcək oyunçular daha təhlükəli olacaqlar. Çünki çox keyfiyyətlidirlər”.
Qeyd edək ki, “El Klassiko” adlandırılan “Real Madrid” – “Barselona” qarşılaşması iki komanda arasında ölkə kubokunda 32-ci duel olacaq. Əvvəlki görüşlərin 15-də “Barsa”, 10-da “kral klubu” qələbə qazanıb, 6 oyun heç-heçə ilə nəticələnib. Kataloniyalılar 26, madridlilər 18 dəfə bu kuboku başları üzərinə qaldırıb. İspaniya çempionatında isə “Barselona” 58 xalla lider olduğu halda, “Real Madrid” 43 xalla 3-cüdür.