“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının Türkiyədə keçirəcəyi hazırlıq barədə futbol klubunun rəsmi saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:
- “Neftçi” yanvarın 11-dən hazırlığını Türkiyədə davam etdirəcək. İstərdik ki, hazırlıq planlarınız haqqında danışasınız...
- Ötən mövsüm olduğu kimi, bu dəfə də qış fasiləsi hazırlığını Türkiyənin Antalya şəhərində keçəcəyik. Yanvarın 23-dək davam edəcək ilk mərhələdə əsasən fiziki məşqlərə üstünlük verəcəyik. Daha sonra futbolçulara 2 gün istirahət veriləcək. Yanvarın 25-dən isə hazırlığın ikinci mərhələsi başlayacaq ki, burada da komandanın taktiki-texniki keyfiyyətlərinin yaxşılaşdırılması istiqamətində çalışacağıq.
- Yəqin ki, bu vaxt ərzində komandamız yoxlama oyunları da keçirəcək.
- Hazırlıq dövründə yoxlama oyunlarının təşkili mütləqdir. Ümumilikdə 4-5 oyun keçirmək niyyətindəyik. Bu həm oyun təcrübəsinin artırılması, həm də hazırlıq prosesinin faydasını görmək üçündür. Rəqiblərimiz, Xorvatiya, Almaniya, Rusiya, Polşa və bu kimi ölkələrin təmsilçiləri olacaq.
- Hazırlıq zamanı komandaya yeni futbolçular cəlb olunacaqmı?
- Seleksiyaçı məşqçilər bu istiqamətdə işləri davam etdirirlər. Onların təklif edəcəkləri futbolçulara baxacağam və bizi qane edən səviyyədə olsalar, komandaya cəlb olunacaqlar.
- “Neftçi” mövsümün ilk yarısında 30 oyun keçirdi və sona yaxın futbolçularda yorğunluq hiss olunurdu. Hazırda heyətdəki futbolçuların durumu necədir?
- Futbolçuların dincəlmək üçün kifayət qədər vaxtı oldu. Artıq onlar yorğunluğu üzərlərindən atıblar. Məqsədimiz Azərbaycan çempionatının və kubokunun qalibi olmaqdır. Avrokuboklarda isə özümüzə məxsus nəticəni daha da yaxşılaşdırmaq niyyətindəyik.