Beynəlxalq Boks Federasiyası (AİBA) kişi boksçuların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları zamanı yarışlara dəbilqəsiz çıxması barədə qərar qəbul edib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, kişi boksçular bu ildən etibarən digər yarışlara da dəbilqəsiz çıxacaqlar.
Ancaq qadın və gənc boksçular olimpiya oyunları da daxil olmaqla, yarışlarda dəbilqə taxmağa davam edəcəklər. AİBA İcraiyyə Komitəsinin qərarı ilə qiymətləndirmə sistemini də dəyişib və 10 xallıq “pro-style” sisteminə keçildiyini bəyan edib.
Qeyd edək ki, zərbənin təsirini yaydığı üçün uzun müddət tənqidlərə məruz qalan dəbilqə taxmaq qaydası AİBA İcraiyyə Komitəsinin qərarı ilə ilk dəfə 1984-cü ildə Los-Ancelsdə keçirilən Yay Olimpiya Oyunları zamanı tətbiq olunub. Xüsusən nokaut zərbələrinin tez-tez vurulduğu çənəni heç qorumadığı iddia edilən dəbilqənin yanlarının da boksçuların yandan gələn zərbələri görmələrini əngəllədiyi də iddialar sırasındadır.