Beynəlxalq Olimpiya Komitəsinin (İOC) İcraiyyə Komitəsi güləşi 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarmağı təklif edib. Lent.az-ın məlumatına görə, bu barədə “Associated Press”ə İOC-dakı mənbələrdən bildirilib.
Lakin sərbəst, yunan-Roma və ya qadın güləşi növlərinin hamısının, yoxsa hansının olimpiadadan kənarlaşdırılacağıı bilinmir. İOC İcraiyyə Komitəsi Yay Olimpiya Oyunlarının proqramındakı 26 idman növünə 30 meyar üzrə verilən qiymətlə bağlı məruzəni müzakirə ediblər. Daha öncə mətbuatda taekvondo, stolüstü tennis və badmintonun olimpiadadan çıxarılacağı bildirilirsə də, komitə üzvləri güləşin xaric olunmasını daha məqsədəuyğun sayıblar. 2020-ci il olimpiadasının proqramına salınmağa tövsiyə olunan idman növləri isə beysbol, softbol, karate, rolikli idman, skvoş, idman qayayadırmanması, veykbordinq və uşudur. Bu növlərlə yanaşı, güləş də olimpiadada yerini qorumaq uğrunda mübarizə aparacaq.
Bu növlərdən hansının 2020-ci il olimpiadasının proqramına salınacağı İOC İcraiyyə Komitəsinin 2013-cü ilin mayında Rusiyanın Sankt-Peterburq şəhərində keçirəcəyi toplantıda açıqlanacaq. Yekun qərar isə 2013-cü il sentyabrın 7-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək qurumun sessiyasında veriləcək. Sessiyada 2020-ci il olimpiadasının ev sahibi də açıqlanacaq. Madrid (İspaniya), İstanbul (Türkiyə) və Tokio (Yaponiya) qalib adı uğrunda mübarizə aparır.
Sərbəst və yunan-Roma güləşi 1900-ci il Paris Yay Olimpiya Oyunları istisna olmaqla, bütün olimpiadaların proqramında yer alıb. Qadın güləşi isə 2004-cü il Afina olimpiadasında debüt edib.
Qeyd edək ki, güləş Yay Olimpiya Oyunlarının proqramından çıxarılsa, Azərbaycanın olimpiadadakı uğurlarına böyük zərbə vurula bilər. 2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəmizin əldə etdiyi 10 medaldan 7-si məhz güləşçilərimizin payına düşüb. Sərbəst güləşçilərimiz 2 qızıl, 1 bürünc, yunan-Roma və qadın güləşçilərimiz isə hərəyə 1 gümüş, 1 bürünc medala sahib olublar.