Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos və akademiyanın direktoru Dionisis Qanqas Azərbaycana səfərə gəliblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Həmçinin qonaqlar gənclər və idman naziri Azad Rəhimovla görüşəcək, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Tennis Akademiyası, “Musado” İdman Mərkəzi və İçərişəhərlə tanış olacaqlar.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Akademiyasında artıq 4 ildir olimpiya bilikləri üzrə magistratura proqramı tədris olunur. Ümumi təhsil müddəti 1,5 il olan akademiyada tələbələr il ərzində sentyabr - noyabr və aprel - iyun aylarında 2 semestr ərzində təhsil alır, növbəti 6 ay ərzində müəyyən mövzu üzrə diplom işi hazırlayırlar. Fevralın 4-də Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayevin Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelosla görüşü zamanı Akademiya ilə ölkəmiz arasında əlaqələrin perspektivləri müzakirə olunub. Gələcəkdə Azərbaycandan da tələbələrin bu akademiyada təhsil alması barədə akademiya rəhbərliyi ilə ilkin razılıq əldə edilib. Bundan başqa Beynəlxalq Olimpiya Akademiyasının müəllim və professorlarının Azərbaycanın müvafiq ali təhsil müəssisələrində, bir sıra idman təşkilatlarında olimpiya təhsili mövzusunda mühazirələrlə çıxışları, eləcə də Azərbaycanda yüksək elmi nəticələr əldə etmiş 100 gəncin Beynəlxalq Olimpiya Akademiyasına tanışlıq səfərinin təşkili, müxtəlif idman-mədəni tədbirlərində iştirakı, qədim Olimpiya şəhərinə ziyarətinin təşkili barədə ilkin müzakirələr aparılıb.