Berti Foqts: “Müdafiə futbolu oynamaq fikrində deyilik”
06 sentyabr 2013 18:50 (UTC +04:00)

Berti Foqts: “Müdafiə futbolu oynamaq fikrində deyilik”

2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində sentyabrın 7-də İsrail yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib. Lent.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, almaniyalı mütəxəssis rəqibi güclü komanda adlandırsa da, öz futbolçularımıza inandığını bildirib.

 

O, xüsusən Rəşad Sadıqovun kapitan kimi liderlik keyfiyyətlərini göstərəcəyinə ümid etdiyini söyləyib: “Rəqibin hücum xəttində güclü futbolçuları var. Məhz bu səbəbdən Rəşaddan çox şey asılı olacaq”.

 

Digər aparıcı oyunçulara gəldikdə, Foqts Mahir Şükürovdan təkcə hücumda yox, müdafiədə də fəallıq gözlədiyini, Kamran Ağayevin isə Bakıdakı oyunda yol verdiyi səhvi təkrarlamamasının gərəkliyini bildirib.

 

Arxa xətt oyunçularına daha çox ümid bəsləməsinə baxmayaraq, baş məşqçi İsraillə səfər matçında müdafiə futbolu oynamaq fikrində olmadıqlarını açıqlayıb. Onun fikrincə, sabahkı oyunda millimizin də də şansı var.

 

67 yaşlı mütəxəssis İsrail və bu ölkənin futbolu barədə də danışıb: “Bizi burada çox yaxşı qarşıladılar. Məşq üçün şərait də yaxşıdır. İsraildə ilk dəfə 1969-cu ildə olmuşam. Ötən illər ərzində bu ölkənin futbolu inkişaf yolu keçib. Bu seçmə mərhələdə Portuqaliya yığmasına qarşı nümayiş etdirdikləri oyun böyük inkişafın göstəricisidir”.

 

Qeyd edək ki, indiyədək Azərbaycan və İsrail milliləri 4 dəfə üz-üzə gəlib. Bu oyunlardan yalnız 1-də millimiz heç-heçəyə nail ola bilib, qalanlarında isə yəhudilər qələbə qazanıb:

 

16 noyabr 1994. Trabzon. AÇ-nin seçmə oyunu. Azərbaycan – İsrail 0:2

11 oktyabr 1995. Təl-Əviv. AÇ-nin seçmə oyunu. İsrail – Azərbaycan 2:0

18 fevral 2004. Ramat Qan. Yoldaşlıq oyunu. İsrail – Azərbaycan 6:0

7 sentyabr 2012. Bakı. DÇ-nin seçmə oyunu. Azərbaycan - İsrail 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Oxşar yazılar