Almaniya futbolunda maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, V divizionda çıxış edən “Vedeler”in texniki direktoru Frank Okens Bundesliqa təmsilçisi “Şalke”nin onlara 50 yeşik pivə yolladığını deyib.
Yerli mətbuata açıqlama verən Okens bunu belə izah edib: “Mən “Şalke”nin idman direktoru Kristian Haydelə “email” yazdım və ona bildirdim ki, baş məşqçimizin komandadan getməsinin qarşılığında bizə ya 50 yeşik pivə yollayın, ya da komandalarımız yoldaşlıq oyunu keçirsin. Onlar da pivəyə razılaşdılar”.
Aşağı divizion klubunun rəsmisi bunu baş məşqçilərinin komandadan getməsində birbaşa olmasa da, “domino prinsipi” ilə Helzenkirhen təmsilçisinin səbəb olması ilə əsaslandırıb.
Belə ki, “Auqsburq”un baş məşqçisi Markus Vaynsril “Şalke” ilə anlaşıb. Onun yerinə “Darmştdat”ın çalışdırıcısı Dirk Şuster “Auqsburq”a, Norbert Mayer “Arminiya”dan “Darmştdat”a, öz növbəsində Rüdiqer Rem “Zonnenhof Qrosaspax”dan “Arminiya”ya, daha sonra Oliver Sapel “Ayhede”dən “Zonnenhof Qrosaspax”a və nəhayət Yorn Qrosskopf “Vedeler”dən “Ayhede”yə keçib.