2015-ci il Bakıda keçiriləcək Avropa Oyunlarının proqramına yeni idman növü salınıb. Lent.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu, çimərlik həndboludur.
Həmin növ üzrə yarışa kişi və qadınlardan ibarət komandalar qatıla biləcəklər. Lisenziyalar isə 9 – 14 iyulda Danimarkanın Randers şəhərindəki Avropa çempionatında qazanılacaq.
Qeyd edək ki, çimərlik həndbolu qumlu çimərliklərdə keçirilən idman növüdür və 1990-cı illərin əvvəllərində İtaliyada yaradılıb. Hazırda bu növ 40-dan çox ölkədə inkişaf etdirilir. Çimərlik həndbolu eni 12 metr, uzunluğu 27 metr olan sahədə keçirilir. Komandalar hərəyə 8 oyunçu ilə meydana çıxırlar. Onlar hər biri 10 dəqiqədən ibarət 2 hissəlik mübarizəyə qatılırlar.