“Bayıl Arena”da futbol üzrə Təhsil Kubokunun açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, tədbirə Təhsil Nazirliyi, AFFA və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) rəsmiləri qatılıb.
Təhsil Nazirliyinin tərbiyə və məktəbəqədər şöbəsinin müdir müavini Vasif Məmmədov bildirib ki, yarış 29 ali təhsil müəssisəsinin komandası arasında keçiriləcək. Onlar təkcə Bakının deyil, regionlardakı ali məktəbləri də təmsil edəcəklər. Final matçı mayın sonlarında planlaşdırılıb: “Nazirliyimiz şagirdlər və tələbələr arasında bədən tərbiyəsi, sağlam həyat tərzini geniş təbliğ edir. Təhsil Kuboku da bunun bariz nümunəsidir”.
ATFF-nin prezidenti Fazil Qarayev isə yarışa Təhsil Nazirliyi ilə birgə ciddi hazırlaşdıqlarını açıqlayıb. Onun sözlərinə görə, Təhsil Kubokunun bu il belə yüksək səviyyədə keçirilməsi birgə işlərin məhsuludur: “Bu, həm AFFA, həm də Təhsil Nazirliyi tərəfindən ATFF-yə verilən dəstəkdir. Məncə, federasiyamızın işi bir az göz qabağına çıxmağa başlayıb. Bütün tədbirlər, bütün yarışlar yüksək səviyyədə keçirilir və mən də çox xoşbəxtəm. Bura yığışan tələbələr, gənclər, onları dəstəkləyən dostlar sevinirlər. Bundan fərəh hissi keçiririk”.
Qeyd edək ki, açılış oyununda Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Azərbaycan Tibb Universitetinin komandaları üz-üzə gəlib.