Azad Rəhimov: “İdmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamalıyıq”
Martın 13-də Bakıda YUNESCO-nun Bədən tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) fövqəladə iclası işinə başlayıb. Lent.az-ın məlumatına görə, 3 gün davam edəcək tədbir mayda Berlində Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul nazirlərin və rəsmilərin 5-ci Konfransına hazırlıq xarakteri daşıyır.
İclasın gündəliyinə 3 məsələ daxil edilib: Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini qoruyub saxlamaq istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi, hər kəsin idmanla məşğul olmaq kimi fundamental hüququnun dəstəklənməsi, bədən tərbiyəsi və idman sahəsinə dövlətlərin investisiyasının təşviq edilməsi.
“Oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və
bütövlüyünü qoruyub saxlamaq”, yəni matçların nəticələrinin əvvəlcədən razılaşdırılması problemi, nazirlər və yüksək vəzifəli şəxslər, ekspertlər tərəfindən Ümumdünya Bədən tərbiyəsi və İdmana məsul nazirlərin və rəsmilərin 5-ci Konfransı zamanı müzakirə ediləcək əsas mövzulardan biridir. Nazirlər idmanın təmizliyini və bütövlüyünü qoruyub gücləndirmək məqsədilə tətbiq oluna biləcək qabaqcıl təcrübələri müzakirə edəcəklər. Sözü gedən məsələlər Nazirlərin Yekun Bəyannaməsində öz əksini tapacaq.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, iclasın Bakıda keçirilməsi sevindiricidir. Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan nazir Olimpiya Hərəkatı, gənclərin idmana cəlb edilməsi, idmanın maddi-texniki bazasının yüksəldilməsinin dövlətin prioritet sahələrindən olduğunu vurğulayıb.
A. Rəhimov toplantının mövzularından birinin idman mərc oyunları ilə bağlı olduğunu xatırladaraq, Azərbaycanda bu sahədə qayda pozuntularının olmadığını bildirib: “Amma mərc oyunları internet vasitəsilə geniş yayıldıqca, bu sahəyə diqqət də artırılmalıdır”.
Nazir jurnalistlərə açıqlamasında isə tədbirin çox vacib olduğunu bildirib. Onun sözlərinə görə, oyunların nəticələrinə əl qatılmasına qarşı idmanın təmizliyini və bütövlüyünü qoruyub saxlamaq, yəni matçların nəticələrinin əvvəlcədən razılaşdırılması problemi 3 il öncə Bakıda idman nazirlərinin qeyri-formal toplantısında da müzakirə olunub: “Bizi sevindirən ən əsas məsələlərdən biri odur ki, idman mərc oyunları hazırkı toplantıda da müzakirə olunur. 2010-cu ildə idman nazirlərinin Bakı görüşündə də bu məsələyə baxılıb. Məsələyə YUNESKO da baxacaq. Biz belə düşünürük ki, Bakı mövzusu bütün dünya üçün vacibdir”.
İclas müzakirələrlə davam etdirilib.