Bakı İdman Zalı Avropa Oyunlarına tam hazırdır
Bakı İdman Zalı yenidənqurma və təmir işlərindən sonra artıq oyunların keçirilməsi üçün tam hazırdır. Burada badminton və stolüstü yarışları keçiriləcək. İyunun 13-dən 19-a kimi stolüstü tennis, 22-dən 28-ə kimi isə badminton oyunları keçiriləcək.
Bakı İdman Zalında bir sıra yenidənqurma işləri aparılıb və burada müəyyən yeniliklər diqqəti cəlb edir. İlk olaraq onu qeyd edək ki, media işçiləri üçün nəzərdə tutulmuş xüsusi iş və konfrans otağı artıq fəaliyyətdədir. Bura tam yoxlamadan keçirilib və oyunlar üçün tam vəziyyətə gətirilib. Media nümayəndələri burada rahatlıqla İlk AVropa Oyunlarında baş verənlər haqqında təmsil etdikləri qurumlara məlumat ötürə biləcəklər. Bundan başqa, yenidənqurmadan sonra VİP müştəri qrupları üçün ayrılmış xüsusi zolaq, xüsusi lift, xüsusi yeməkxana və oyunları izləmək üçün çox gözəl görünüşə malik tribunalar fəaliyyət göstərir ki, bu da oyunları rahatlıqla izləməyə imkan verəcək.
Bakı İdman Zalının Əməliyyatlar meneceri Faiq Hüseynov deyir ki, burada quraşdırılan bütün yeni sistemlərin yoxlanılması aparılıb: "Həmçinin bizdə fövqəladə hallar üçün müəyyən səs siqnalları, xüsusi göstərişlər var ki, bunların da hamısı yoxlamadan keçirilib. Bundan başqa, oyunların keçiriləcəyi yerdə çox gözəl nəzarətə malik olan şərh məntəqələri var. Gördüyünüz kimi, biz artıq oyunlara tam hazırıq".
Zalda yenidənqurmadan sonra tamaşaçı tutumunun sayı da artırılıb. Belə ki, əvvəllər burada oturacaqların sayı 1100 idisə, daha sonra artırılaraq 1736-ya çatdırılıb. Burada ən son texnologiyaya əsaslanan və müasir tələblərə cavab verən xüsusi fasad, havalandırma və müasir tələblərə cavab verən işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, burada keçiriləcək oyunlar üçün biletlər artıq satışdadır. Oyunlara biletləri istənilən bilet satış mərkəzlərindən və www.baku2015.com saytından əldə edə bilərsiniz.
295