Azərbaycanlı nazir Pelenin vətənində
25 aprel 2013 18:43 (UTC +04:00)

Azərbaycanlı nazir Pelenin vətənində

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya səfəri başlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Rəhimov əvvəlcə Braziliyanın idman naziri Aldo Rebelo ilə görüşüb.

 

Görüşdə idman sahəsində ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə edilib və bu sahədə əməkdaşlığın böyük potensiala malik olduğu vurğulanıb. Eyni zamanda,  Azərbaycanda uşaq futbolunun inkişafına dəstək məqsədilə uşaqların, həmçinin müxtəlif qruplarla və komandalarla işləyən məşqçilərin Braziliyaya seminarlara göndərilməsi, futbol üzrə 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatına könüllülər hazırlanması proqramında azərbaycanlı gənclərin iştirak etməsi məsələləri də müzakirə olunub. Sonda Azərbaycan və Braziliya nazirlikləri arasında idman sahəsində Əməkdaşlıq haqqında Anlaşma memorandumu imzalanıb.


Ardından Rəhimov Braziliya Paralimpiya Komitəsinin prezidenti Endryu Parsonsla görüşüb. Görüş zamanı azərbaycanlı nazir ölkəmizdə paralimpiya hərəkatı və bu sahəyə göstərilən diqqət barədə məlumat verib, iki ölkənin paralimpiya komitələri arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Rəhimov, həmçinin “TV Brasil” kanalına müsahibə verib. Müsahibə zamanı Azərbaycanla Braziliya arasında əlaqələrin inkişaf etməsindən məmnunluğunu bildirən nazir mayda Bakıda Kapoeyra üzrə dünya çempionatının keçiriləcəyini qeyd edərək bu faktın Braziliya ilə olan dostluğa verilən önəmin göstəricisi sayıb. Eyni zamanda, 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq Yay Olimpiya Oyunları barədə danışan Rəhimov bu sahədə təcrübə mübadiləsinin aparılmasının önəmindən bəhs edib.


Rəhimov Braziliya xarici işlər nazirinin idman məsələləri üzrə müavini, səfir Xadil da Roşa Vyana ilə də görüşüb. Da Vyana iki dövlət arasında son zamanlar münasibətlərin artan tempdə inkişafından bəhs edərək idman nazirlikləri arasında anlaşma memorandumunun imzalanmasını təqdirəlayiq hal olduğunu bildirib. Görüş zamanı gənclər və idman sahəsində əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bununla yanaşı, nazir Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin prezidenti, deputat Nelson Pelleqrino və həmin komitənin üzvü, deputat Klaudio Kajado ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələr, xüsusilə idman və gənclər sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

 

Qeyd edək ki, görüşlərdə Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak edib. Azad Rəhimovun səfəri davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581
avatar

Oxşar yazılar